Axund Laricani, məcburi hicaba qarşı çıxan qadınları “fahişəliyi yaymaq”da günahlandırdı

Axund Laricani, məcburi hicaba qarşı çıxan qadınları “fahişəliyi yaymaq”da günahlandırdı

GünAzTV: İran Məhkəmə Sisteminin rəisi axund Sadıq Laricani, martın 12-də jurnalistlərə açıqlamasında məcburi hicaba qarşı çıxan, hicabına riayət etməyən qadınları “fahişəliyi yaymaq”da günahlandırıb.

 

İran qadınlarını açıq-aşkar təhqir edən mürtəce axund bildirib ki, hicabsızlıq digər pis əməllər kimi haramdır və buna yol vermək olmaz: “Hicaba riayət etməmək və ya hicabsızlığa rəvac vermək, demək olar ki, bir növ fahişəliyi yaymaqdır. Ölkə qanununda və şəriətdə kökü olan mövzularda şübhə etmək olmaz. Hicab da həmin mövzulardan biridir. Qanuna və şəriətə görə, hicaba riayət olunması vacib məsələlərdən biri sayılır. Hicab məsələsində bəzi gənclər səhvə yol verə bilər. Bunu başa düşmək olar. Lakin nəyə görə, ölkənin bir növ tanınmış şəxslərindən olan və elit zümrədən sayılan bəzi adamlar, bu məsələdən danışanda düşmənin mövqeyindən çıxış edir, müxalif təbili çalırlar.

 

Bu tip şəxslərdən olan bəziləri hicabla bağlı bəzən bayağı fikirlər səsləndirir və deyirlər ki, hicab məsələsi barədə ölkədə ümumxalq referendum keçirilsin. Daha doğrusu onların istədiyi, ölkədə haram bir məsələnin barəsində referendum keçirilməsidir. Biz isə hesab edirik ki, hicabsızlıq digər haram əməllərlə eynidir və onların arasında heç bir fərq yoxdur.

 

                                                      Vida Müvəhhid

 

Hicabın vacib olub-olmamasını müəyyənləşdirmək üçün ölkədə referendum keçirilməsini təklif edənlərin məntiqini qəbul etsək, sabah həmin şəxslər, belə bir məntiqlə, araq satan mağazaların, eyş-işrət, əyyaşlıq və fəsad mərkəzlərinin, eləcə də fahişəxanaların da sərbəst fəaliyyət göstərməsi üçün referendum keçirməsini tələb edə bilərlər. Bu isə qəbuledilməzdir”.

 

Xatırladaq ki, qadınların məcburi hicaba qarşı dinc etirazına təxminən iki ay yarım əvvəl (deyin 6-da) start verilib. Vida Müvəhhid adlı 31 yaşlı bir qadın, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi hicaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb.

 

Son həftələr,  İranın müxtəlif şəhərlərində onlarla qadın “Məcburi hicaba yox” kampaniyasına qatılaraq, küçədə baş örüklərini açaraq hakimiyyətin məcburi hicab siyasətinə dinc etirazlarını bildiriblər. Bununla bağlı paytaxt Tehranda və digər şəhərlərdə onlarla qadın həbs edilib.

 

Qeyd edək ki, İranda ictimai yerlərdə baş örtüyünü açan qadınlara cinayət işi açılır. Belə qadınlar, həbs zamanı polis zorakılığına məruz qalır, həbsxanada müxtəlif təhqir, təzyiq və təhdidlərlə üzləşir, həbsə və pul cəriməsinə məhkum edilirlər.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN