Axund Laricani valyuta bazarındakı dəllal və vasitəçiləri edamla hədələdi

Axund Laricani valyuta bazarındakı dəllal və vasitəçiləri edamla hədələdi

GünAzTV: İran Məhkəmə Sisteminin rəisi axund Sadıq Laricanı iyulun 30-da jurnalistlərə açıqlamasında, ölkənin valyuta və qızıl sikkə bazarında “təlatümə səbəb olan” dəllal və vasitəçiləri edamla hədələyib.

 

Valyuta və qızıl sikkə bazarında təlatümə səbəb olan dəllal və vasitəçiləri yer üzündə fəsad törətməkdə günahlandıran axund Laricani deyib ki, onun başçılıq etdiyi qurum, ölkə iqtisadiyyatına xələl gətirən bu kimi şəxslərə güzəşt etməyəcək: “Millət əmin olsun ki, İran Məhkəmə Sistemi ölkənin maliyyə bazarında təxribat törədən və iqtisadi fəsada səbəb olanlarla  sərt davranacaq, onlara heç bir güzəştə getməyəcək.

 

Biz, yer üzündə fəsad törətməkdə günahlandırılan şəxslərin cəzalandırılmasında (edam olunmasında) tərəddüt etməyəcək, valyuta bazarında yaranmış təlatümdən sui-istifadə edənləri məsuliyyətə cəlb edəcəyik. Daha doğrusu, biz bu təlatüm arxasında olan şəxsləri və onların ayrı-ayrı vətəndaşların milli kartları ilə külli miqdarda valyuta və qızıl sikkə alıb qiymətlərin artmasına səbəb olanlara qarşı çox sərt tədbir görəcəyik”.

 

Qeyd edək ki, İranda “yer üzündə fəsad törətməkdə günahlandırılan” şəxslər adətən edam təhlükəsi ilə üz-üzə qalır.

 

İyulun 29-da İran Məhkəmə Sisteminin sözçüsü axund Möhsüni Ejei, valyuta bazarında ABŞ dollarının məzənnəsinin ardınca həyata keçidikləri kütləvi həbslərdən danışıb: “İqtisadiyyatımıza xələl gətirən 29 nəfər həbs edilib. Bu işdə əli olan daha bir neçə şəxs də ya bu gecə, ya da sabah həbs ediləcək. Həbs edilənlərin ittihamlarına tezlikcə keçiriləcək məhkəmələrdə baxılacaq. Həbs edilənlər ölkə iqtisadiyyatına zərbə vurduqları üçün yer üzündə fəsad törətməkdə günahlandırılır”.  

 

 

Xatırladaq ki, iyulun 29-da İranın milli valyutası olan “rial”ın dollar qarşısında dəyərini sürətlə itirməsi hakimiyyət dairələrinin və ölkə əhalisinin ciddi nigaranlığa səbəb olub. Günorta saatlarına qədər 9 min 500 tümənə satılan 1 ABŞ dollarının məzənnəsi təkcə bir neçə saatda 2 min tümən bahalaşaraq 11 min 500 tümənə qalxıb.

 

Bununla da “rial”ın sürətlə dəyərini itirməsi yeni rekord vurub. Dolların məzənnəsinin durmadan artması, valyuta və qızıl bazarlarında təlatüm və həyəcana, əhalinin isə gündəlik istifadə etdiyi ərzaq mallarının qiymətinin kəskin artmasına gətirib çıxarıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN