Bəhram Qasimi: “Amerika bölgədə yürütdüyü militarist siyasətinin ardıcıl məğlubiyyətə uğramasından dərs almalıdır”

Bəhram Qasimi: “Amerika bölgədə yürütdüyü militarist siyasətinin ardıcıl məğlubiyyətə uğramasından dərs almalıdır”

GünAzTV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi yanvarın 14-də jurnalistlərə açıqlamasında ABŞ dövlət katibinin Orta Şərq ölkələrinə səfərində İrana qarşı səsləndirdiyi bəyanatlarına reaksiya verib.

 

Qasimi Vaşinqtonu regionda militarist siyasət yürütməkdə günahlandırıb: “Amerika son bir neçə onillikdə bölgədə yürütdüyü militarist siyasətinin ardıcıl məğlubiyyətə uğramasından dərs almalı, bilməlidir ki, İran onun bu təhdidlərinə heç bir dəyər və önəm vermir. Biz, Amerika təhdidlərinin təsiri altına düşməyəcəyik.

 

Amerika rəsmiləri elə təsəvvür edirlər ki, onlar BMT bəyannaməsinə və beynəlxalq qanunlara zidd əməlləri ilə, yəni regionun sabitliyini pozub ölkələr arasında çaxnaşma salmaq yolu ilə öz qanunsuz hədəflərinə nail ola biləcəklər. Halbuki Vaşinqtonda əyləşən militaristlər bilməlidir ki, İran öz qonşuları ilə dinc yanaşı yaşamaq siyasətini var gücü ilə davam etdirərək onların bu arzularının gerçəkləşdirilməsinə imkan verməyəcək.

 

Amerikalıların fevral ayında Polşada keçirmək istədiyi İrana zidd konfransına gəlincə, hesab edirik ki, Amerikanın Orta Şərq regionunda yaşayan millətlərin xeyrinə hər hansı bir xeyirxah hədəfi və niyyəti yoxdur”.  

 

Xatırladaq ki, Orta Şərq ölkələrində səfərdə olan ABŞ dövlət katibi Mayk Pompeo yanvarın 11-də “Fox News” agentliyinə açıqlamasında Tramp hökumətinin İran mövzusu ilə bağlı beynəlxalq konfrans keçirməyə hazırlaşmasından danışıb: “Amerika gələn ay İran mövzusu ilə bağlı Polşada beynəlxalq konfrans keçirəcək. Bu konfransda ölkələr bir araya gələrək, Orta Şərqdə sülh, sabitlik, azadlıq və təhlükəsizlik məsələlərini, eləcə də İranın regionda yürütdüyü siyasətini müzakirə edəcəklər. Biz, əmin olmaq istəyirik ki, İran bir daha bölgənin sabitliyini pozan qüvvə olmayacaq. Beynəlxalq konfrans, 13-14 fevralda (24-25 bəhmən) Polşada keçiriləcək və ona Asiya, Afrika, Avropa və Orta Şərqdən bir sıra ölkə başçıları qatılacaq”

 

 

Pompeo həmçinin yanvarın 13-də CBS telekanalına müsahibəsində İran rəsbərlərini terrorçuluqda günahlandıraraq, İranda həbs edilən Amerika vətəndaşlarının durumuna toxunub. Keçmişdə ABŞ-ın dəniz qüvvələrində xidmət etmiş 46 yaşlı Amerika vətəndaşı Maykl Vaytın (Michael R. White) İranda həbs olunmasına toxunan Pompeo, İran rejimini terrorizmə dəstəkdə günahlandırıb: “İran İslam Respublikasının rəhbərləri dünyanın ən pis terrorçuları sırasındadırlar. Onlar insan hüquqlarına ən kiçik hörmət və sayğı belə göstərmirlər. Məhz həmin səbəbə görə də, Amerikanın hazırkı hökuməti İran rejiminə qarşı sərt bir strategiya aparmaqdadır”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN