Bəhram Qasimi: “İranın Xarici İşlər Nazirliyi Bəşər Əsədin Tehrana səfərindən tam xəbərsiz olub”

Bəhram Qasimi: “İranın Xarici İşlər Nazirliyi Bəşər Əsədin Tehrana səfərindən tam xəbərsiz olub”

GünazTV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi martın 5-də jurnalistlərə açıqlamasında Suriya prezidenti Bəşər Əsədin Tehrana gizli səfərindən danışaraq, bu səfərin nazirlik rəsmilərindən məxfi saxlanılmasından gileylənib.

 

O bildirib ki, İranın xarici işlər naziri Məhəmmədcavad Zərifin istefaya cəhdi, bu səfərin ondan və Xarici İşlər Nazirliyindən gizli saxlanılması ilə bağlı olub: “İranın Xarici İşlər Nazirliyi Bəşər Əsədin Tehrana səfərinin əvvəlindən başa çatmasına qədər tam xəbərsiz olub. Nazirliyin heç bir rəsmisinin bu səfərdən xəbəri olmayıb və bu xəbərsizlik Əsədin səfərinin başa çatmasına qədər davam edib. Yalnız məhdud bir dairədə, müəyyən şəxslərin Suriya prezidentinin İrana səfərindən xəbəri olub. Bu isə acı bir həqiqətdir”.

 

Qasimi, Zərifin, eləcə də Xarici İşlər Nazirliyinin digər rəsmilərinin bu səfərdən xəbərsiz saxlanmasının səbəbinə toxunmayıb.

 

Xatırladaq ki, fevralın 25-də Bəşər Əsəd İrana gizli səfər edib. Əsədin İrana səfəri Ruhanidən və xarici işlər naziri Məhəmmədcavad Zərifdən gizli saxlanılıb. Əsədin dini lider Əli Xamneyi ilə görüşündə isə “Sepah”ın “Qüds” qanadının komandanı Qasım Süleymani, Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti və dini liderə yaxın digər şəxslər qatılıb. Ruhani və Zərif isə həmin görüşə dəvət edilməyib.

 

Bunun ardınca, Zərif fevralın 25-i axşam saatlarında “İnstagram” səhifəsində yazdığı bir statusda, tutduğu vəzifəsindən istefa verdiyini bildirib.

 

 

Zərifin istefasından az sonra, İranın “Entekhab.ir” saytının müxbiri ona göndərdiyi bir telefon mesajında ondan istefa verməsinin səbəbini soruşub. Zərifin cavabı isə çox qısa olub: “Bu gün keçirilən görüşlərin (Xamneyi və Bəşər Əsəd görüşləri nəzərdə tutulur- red.) şəkillərinin yayılmasından sonra, artıq Cavad Zərifin xarici işlər naziri kimi dünyada hörmət və imici qalmayıb”.

 

Fevralın 27-də isə,  İran prezidenti Həsən Ruhani xarici işlər naziri Məhəmmədcavad Zərifin istefasını qəbul etmədikdən sonra o, həmin gün öz vəzifəsinə geri dönüb və Tehrana səfər edən Ermənistanın baş nazirinin rəsmi qarşılanma mərasimində iştirak edib. 

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN