Bəhram Qasimi: “İraqın ərazi bütövlüyünün qorunub saxlanılmasına israr edirik”

Bəhram Qasimi: “İraqın ərazi bütövlüyünün qorunub saxlanılmasına israr edirik”

GünAzTV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi sentyabrın 25-də jurnalistlərə açıqlamasında İraq Kürdistanında keçirilən müstəqillik referendumundan danışaraq İranın Kürd Muxtariyyəti ərazilərini bombalaması ilə bağlı yayılan xəbərlərə reaksiya verib.

 

Qasimi bildirib ki, İraqın ərazi bütövlüyü qorunub saxlanılmalıdır: “Bizim bu barədə mövqeyimiz açıq və tam şəffafdır. Biz İraqın milli hakimiyyətinin və onun ərazi bütövlüyünün qorunub saxlanılmasına, bu ölkədə demokratik prosesin davam etdirilməsinə israr edirik. Hesab edirik ki, İraqın ərazi bütövlüyünə və onun milli təhlükəsizliyinə  xələl gətirən hər hansı bir hərəkət səhv addımdır. Çünki belə bir addım, həm region əhalisinə, həm də həmişə xeyrini istədiyimiz kürd əhalisinin ziyanınadır”.

 

Bəhram Qasimi həmçinin ölkəsinin İraq Kürdistanı ərazilərini bombalaması ilə bağlı yayılan xəbərləri təkzib edərək deyib ki, bu, bəzi Qərb mətbuatı tərəfindən yayılan əsassız və yalan bir xəbərdir. O, həmçinin İranın Ərbildəki baş konsulunun bununla bağlı çağırılmasını da təkzib edib.

 

Qeyd edək ki, sentyabrın 25-də (bu gün) İraq Kürdistanında müstəqillik referendumu keçirilir. İran və Türkiyə, bundan əvvəl dəfələrlə bu referendumun keçirilməsinə müxalif olduqlarını bildiriblər.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN