Bəhram Qasimi: “Qətərlə qonşuları arasındakı ixtilafların həlli yalnız danışıqlar yolu ilə mümkündür”

Bəhram Qasimi: “Qətərlə qonşuları arasındakı ixtilafların həlli yalnız danışıqlar yolu ilə mümkündür”

GünAzTV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi iyunun 5-də jurnalistlərə açıqlamasında Qətərlə qonşuları arasında baş verən ixtilafa toxunaraq yaranmış problemin aradan qaldırılması yollarından danışıb.

 

Qasimi bildirib ki, Qətərlə qonşusu olan üç ərəb ölkəsi arasında yaranmış ixtilaf, sülh yolu ilə həll edilməlidir: “Bir-birinə bağlı indiki dünyada sanksiyalardan bir vasitə kimi istifadə etmək, nəticəsiz olması ilə yanaşı həm də pis və rədd edilmiş bir iş və bir üslubdur. Nəyəsə və ya kimə qarşı bu vasitədən istifadə etmək qəbuledilməzdir.

 

Hesab edirik ki, region ölkələri arasında, o cümlədən də Qətərlə qonşuları olan üç ərəb ölkəsi arasında ortaya çıxmış ixtilafları yalnız siyasi və sülh yolu ilə, həm də tərəflər arasında açıq və şəffaf danışıqlar yolu ilə həll etmək mümkündür”.

 

İran Kənd Təsərrüfatı Məhsulları İxracatçıları İttifaqının rəisi Rza Nurani iyunun 5-də jurnalistlərə açıqlamasında ölkəsinin Qətərin qida məhsullarına olan bütün ehtiyaclarını təmin etməyə hazır olduğunu bildirmişdi: “Qətərin qurudan dünyaya yeganə çıxış yolu Səudiyyə Ərəbistanındandır və bu Dohaya qarşı sanksiyaların gücləndirilməsindən sonra hazırda bu ölkəyə ən yaxın ölkə İrandır. Biz dəniz yolu ilə 12 saat ərzində Qətərə qida məhsullarını ixrac edə bilərik. Hazırda isə İranın “Vəlfəcr” gəmiçiliyi ilə edilən koordinasiyaya əsasən, ölkənin üç limanından, yəni Buşehr, Bəndər Abbas və Lenge limanlarından gəmilərlə Qətərə qida mallarının ixracına şərait yaradılıb”.

 

Qeyd edək ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətərlə bütün diplomatik əlaqələrini kəsdiklərini bildiriblər. Onlar, atdıqları bu addımı, Qətərin regionun  təhlükəsizliyinə mənfi təsir edən siyasəti, İrana yaxınlaşması və ona bağlı terorçu qruplaşmalara maddi yardım göstərməsi və beynəlxalq terrorizmə dəstəyi ilə əlaqələndiriblər. Bunun ardınca isə bir neçə ölkə, o cümlədən də Liviya, Yəmən Qətərlə diplomatik əlaqələrini kəsdiklərini bəyan ediblər.

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN