Bəhram Qasimi: “Türkmənistan rəsmilərindən baş vermiş olayla bağlı təcili izahat vermələrini gözləyirik”

Bəhram Qasimi: “Türkmənistan rəsmilərindən baş vermiş olayla bağlı təcili izahat vermələrini gözləyirik”

GünAzTV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi martın 22-də jurnalistlərə açıqlamasında Türkmənistan dəniz sərhədçilərinin iranlı balıqçılara odlu silahdan atəş açmasına münasibət bildirib.

 

O deyib ki, rəsmi Tehran, iranlı balıqçıların hədəfə alınmasından dərhal sonra Türkmənistan rəsmiləri ilə əlaqə saxlayaraq, onlardan izahat istənilib: “Bu təəssüfləndirici xəbərin yayılmasından sonra, İran Xarici İşlər Nazirliyi və ölkəmizin Aşqabaddakı səfirliyi Türkmənistan rəsmiləri ilə əlaqə saxlayaraq onlara rəsmi etiraz notası vermiş, hadisənin səbəbi barədə izahat vermələrini tələb ediblər.

 

Biz, Türkmənistan dəniz sərhəd qüvvələrinin düşünülməmiş addım ataraq, iranlı balıqçıların qayığına atəş açmasına kəskin etiraz bildiririk. Hesab edirik ki, balıqçılarımız, hətta əgər Türkmənistan dəniz sərhədlərinə yaxınlaşmış olsalar belə, onlar beynəlxalq qanunlara uyğun olaraq davranmalı, balıqçılarımızı öz su sərhəslərindən uzaqlaşdırmalı idilər.  Elə buna görə də, biz Türkmənistan rəsmilərinin baş vermiş olayla bağlı rəsmi və təcili izahat verməsini gözləyirik”.

 

Xatırladaq ki, martın 20-si axşam saatlarında balıq tutarkən, Türkmənistan sərhəd sularını bilmədən pozan 4 iranlı balıqçı, bu ölkənin dəniz sərhədçilərinin odlu silahdan açdığı atəşə məruz qalıb. Nəticədə 2  balıqçı yerindəcə həlak olub, 2-si yaralanıb.

 

İranın Bəndər-Türkmən şəhərinin fərmandarı İlyas Hivəçi, martın 21-də jurnalistlərə açıqlamasında deyib ki, açılan atəş nəticəsində ölən və yaralanan balıqçılar, İranın Gülüstan (Türkmənsəhra) əyalətinin Bəndər-Türkmən şəhərinin sakinləridir: “Balıqçıların meyitləri və yaralılar, hazırda Türkmənistan tərəfinin əlindədir. Bütün iranlı balıqçılara, iki ölkənin dəniz sərhəd sularına yaxın zonalarda balıq tutmamaq barədə əvvəlcədən dəfələrlə xəbərdarlıq edilmişdi”.

 

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN