Bəhreyn rəsmisi: “Neft borusunda baş verən partlayış İran tərəfdarı olan terrorçular tərəfindən törədilib”

Bəhreyn rəsmisi: “Neft borusunda baş verən partlayış İran tərəfdarı olan terrorçular tərəfindən törədilib”

GunAzTV: Bəhreyn daxili işlər naziri Şeyx Raşid Bin Abdulla Əl-Xəlifə noyabrın 11-də bəyanat yayaraq ötən cümə günü ölkənin neft borusunda törədilmiş partlayışın səbəblərini açıqlayıb.

 

Nazir bildirib ki, noyabrın 10-da ölkənin neft sənayesinə qarşı həyata keçirilən təxribat, İran tərəfdarı olan radikal şiə qruplaşmaları tərəfindən törədilib: “Mövcud bütün dəlil-sübutlar göstərir ki, partlayışı İrana bağlı terrorçular törədib. Bununla da onlar ölkəmizin neft sənayesinə qarşı təxribat apararaq Bəhreynin milli mənafeyini və ölkə əhalisinin sağlamlığını hədəfə alıblar. Təəssüflər olsun ki, bu kimi partlayışlar və təxribatçı əməllər, birbaşa İranla əlaqədə olan terrorçular tərəfindən həyata keçirilir, İran hökuməti isə onu yönləndirir. Bu isə qəbuledilməzdir. Hazırda yanğın söndürülüb və təhlükəsizlik qüvvələrimiz vəziyyətə tam nəzarət edir”.

 

 

Şeyx Raşid Bin Abdulla Əl-Xəlifənin yaydığı bəyanatından az sonra İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi jurnalistlərə açıqlamasında bəhreynli nazirin ölkəsinə qarşı irəli sürdüyü ittihamları rədd edib: “Bunlar əsassız ittihamlardır. Bu kimi qarayaxmaların dövrü artıq çoxdan keçib. Görünür ki, Bəhreyn rəsmiləri bu ölkədə baş verən hər bir hadisədən sonra yalnız İranı günahlandırmağı öyrəniblər”.

 

 

Xatırladaq ki, neft borusunda güclü partlayış, noyabrın 10-da paytaxt Mənamənin 15 kilometrliyində yerləşən “Buri” kəndi yaxınlığında baş verib. Bəhreyn rəsmilərinin bildirdiyinə görə, həmin kənd bəzi təhlükəsizlik məsələlərinə görə tamamilə boşaldılıb.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN