Bir həftə əvvəl Tehranda həbs edilən “Azadlıq qızları” azadlığa buraxılıb

Bir həftə əvvəl Tehranda həbs edilən “Azadlıq qızları” azadlığa buraxılıb

GünazTV: Bir həftə əvvəl qrim edərək kişi şəklində Tehranın “Azadlı” stadionuna daxil olduqları üçün həbs edilən “Azadlıq qızları”ndan 4-ü azadlığa buraxılıb.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, son günlər Tehranın cənubunda yerləşən Qərçək zindanına köçürülən futbol həvəskarları Zəhra Xoşnəvaz, Leyli Məleki, Hədiyyə Mərvəsi və Furuq Əlayidir avqustun 17-si axşam saatlarında mülki vəsiqə girovu qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıblar.

 

Qərçək zindanında saxlandıqları müddətdə psixi təzyiqə məruz qalan qızların həm də təhdid edildiyi bildirilir. Onların səhhəti barədə hər hansı bir məlumat yayılmayıb. Həmin vaxt həbs edildiyi bildirilən daha iki qızın taleyi bəlli deyil.

 

Xatırladaq ki, avqustun 12-də futbol yarışlarını yaxından izləmək üçün qrim edərək saqqal qoyan və özlərini kişi şəklinə salaraq gizli şəkildə Tehranın “Azadlıq” stadionuna daxil olan qızlar “Sepah”ın ETTELAAT Təşkilatının əməkdaşları tərəfindən həbs edilərək Qərçək zindanına aparılmışdılar.

 

Sosial şəbəkələrdə “Azadlıq qızları” adı ilə məşhurlaşaraq həbs edilən qızlardan biri Furuq Əlayi, “İqtisadiyyat dünyası” qəzetinin müxbiri və fotoqrafıdır.

 

 

Qeyd edək ki, İran İslam Respublikasında qadınların idman zallarına və futbol stadionlarına girişinə qadağa qoyulub. Beynəlxalq Futbol Federasiyası (FİFA) isə İran rejiminə və bu ölkənin futbol federasiyasına qadınları stadionlara buraxmaq üçün sentyabr ayına qədər vaxt verib. FİFA bildirib ki, həmin müddətdən sonra Tehran rejimi qadınları  stadionlara buraxmasa, İran Futbol Federasiyasına qarşı cəza tədbirləri həyaya keçirməyə başlayacaq.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN