BMT-də Amerika və İran səfirləri arasında dialoq baş tutub- VİDEO

BMT-də Amerika və İran səfirləri arasında dialoq baş tutub- VİDEO

GünAz TV: Amerika Birləşmiş Ştatları və İranın Birləşmiş Millətlər Təşkilatı yanındakı səfirləri arasında ötən gün 2231 saylı qətnamə ilə bağlı keçirilmiş toplantı zamanı qısa müddətli dialoq olub.

 

Toplantıdan yayılmış videoda görünür ki, amerikalı səfir Kelli Kraft öz iranlı həmkarı Məcid Təxt Rəvançi tərəfə gedir və onlar ayaq üstə qısa müddətli söhbət edirlər.

 

“Reuters” agentliyinin məlumatına görə, bu, amerikalı səfirdən ictimaiyyət arasında ilk belə jest kimi qəbul edilir. Məlumatda həmçinin qeyd edilir ki, Məcid Təxt Rəvançi İranda 2 yaşlı qız uşağının ölümündən danışıb və onun ölümünü ABŞ-ın qəbul etdiyi sanksiyalar nəticəsində ölkədə zəruri dərmanın olmaması ilə əlaqələndirib.

 

ABŞ-ın BMT yanındakı nümayəndəliyinin diplomatlarından biri “Reuters”ə bildirib ki, Kelli Kraft İranın səfirinə yaxınlaşmasının səbəbi azyaşlı uşağın ölümünə görə ona başsağlığı vermək olub.

 

 

İranın BMT yanındakı daimi nümayəndəliyinin mətbuat katibi Əlirza Miryusifi də səfirlərin yalnız uşağın ölümü ilə bağlı danışdıqlarını, aralarında başqa mövzuda heç bir müzakirə aparılmadığını deyib.

 

Kelli Kraft ötən günkü toplantıda etdiyi çıxış zamanı İranın regionda sülh və təhlükəsizliyi pozan addımlarına son verərək, yeni razılaşma əldə etmək üçün danışıqlara başlayacağı günə qədər sanksiyaların davam edəcəyini deyib. O, həmçinin beynəlxalq ictimaiyyəti İranın bədxah və stabilliyi pozan addımlarının qarşısını almağa çağırıb.

 

Xatırladaq ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar tibb sektorunu əhatə etmir. Rəsmi Vaşinqton sanksiyaların səbəbinin iranlı rəsmilərin terror fəaliyyətləri ilə əlaqəli olduğunu dəfələrlə vurğulayıblar. İranda dərman çatışmazlığı ilə bağlı səfirin dedikləri isə “Sepah” terror təşkilatı kimi dövlət orqanlarının tibb sektorunu öz inhisarçı fəaliyyətlərinə daxil etmələri ilə əlaqəlidir. İranlı rəsmilərdən bəziləri də tibb sektoruna qarşı sanksiya qoyulmadığı halda, dərman çatışmazlığı və ya bu sahədə qiymətlərin bahalaşmasını ölkə daxilində müxtəlif qüvvələrin monopolist və korrupsioner fəaliyyətləri ilə əlaqələndiriblər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN