BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib

BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib

GünAz TV: Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) nüvə proqramını və balistik raket sınaqlarını davam etdirən Şimali Koreyaya (KXDR) indiyə qədərki "ən sərt sanksiyaları" tələb edən qətnamə layihəsini təsdiq etdi.

 

Şimali Koreyanın altıncı və ən güclü  nüvə sınağından sonra Amerika Birləşmiş Ştatları (ABŞ) tərəfindən hazırlanan və Pxenyana yeni iqtisadi sanksiyalar tətbiq olunmasını nəzərdə tutan qətnamə layihəsi BMT TŞ-da səsverməyə çıxarılıb və yekdilliklə dəstəklənib.

 

Qərarla KXDR-dən tekstil mallar almaq qadağan edilir, qaz kondensatı tədarükünə embarqo qoyulur, həmçinin ölkəyə xam neftin idxalı məhdudlaşdırılır. Sənəddə KXDR ətrafında vəziyyətin sülh yolu ilə həllinin vacibliyi, Koreya yarımadasında vəziyyətin gərginləşməsinin regional təhlükəsizlik üçün əsas təhdid olduğu qeyd olunub.

 

Qeyd edək ki, öncə rəsmi Vaşinqton həmçinin Şimali Koreyaya qarşı tam neft embarqosunun qoyulması, KXDR-in lideri Kim Çen İnin aktivlərinin dondurulmasını və onun xaricə səfərinin qadağan edilməsini təklif edirdi.

 

Sentyabrın 2-də Şimali Koreya qitələrarası ballistik raketlər üçün nəzərdə tutulmuş hidrogen döyüş başlığını uğurla sınaqdan keçirdiyini bəyan edib. İki gün sonra ABŞ, Cənubi Koreya, Yaponiya, Böyük Britaniya və Fransanın təklifi ilə BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb. Qətnamə layihəsi üzrə müzakirələr bir həftə davam edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN