Bolton: “Trampın Ruhani ilə görüşmək istəməsi Amerikanın İrana qarşı mövqeyinin yumşalması demək deyil”

Bolton: “Trampın Ruhani ilə görüşmək istəməsi Amerikanın İrana qarşı mövqeyinin yumşalması demək deyil”

GünAz TV: Amerika Birləşmiş Ştatlarının prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bildirib ki, Trampın Həsən Ruhani ilə nüvə məsələləri üzrə danışmaq istəməsi ABŞ-ın İrana qarşı mövqeyinin yumşalması anlamına gəlmir.

 

O qeyd edib ki, Tramp yalnız yeni razılaşma əldə edilməsi üçün müzakirələr aparmaq istəyir. Trampın nüvə razılaşması xüsusunda mövqeyini bir daha xatırladan müşavir vurğulayıb ki, o, Barak Obamanın etdiyi səhvi 2-ci dəfə təkrarlamayacaq.

 

Qeyd etmək lazımdır ki, Donald Tramp Barak Obamanın prezidentliyi dövründə İranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasını Amerikanın diplomatiya tarixində ən pis razılaşma adlandırıb. O, 2018-ci ilin may ayında İrana qarşı sanksiyaların yenidən tətbiq ediləcəyinin anonsunu verərək, bu razılaşmadan çıxıb.

 

Bolton həmçinin bildirib ki, İrana danışıqların ilkin mərhələsində bir sıra maddi ticari imtiyazlar verilməsi müzakirə mövzusu deyil.

 

“Əgər sonrada hərtərəfli razılaşma əldə edilərsə, sanksiyalar ləğv edilə bilər. İran rejimi bu formatda danışıqların keçirilməsinə hazır olduğu vaxt müzakirələr başlaya bilər”- deyə müşavir əlavə edib.

 

Bir gün öncə Donald Tramp bildirmişdi ki, İran bəzi şərtlərə əməl etsə, Ruhani ilə görüşməyə hazırdır. O, bu şərtlərin İranın nüvə silahı əldə etməkdən və ballistik raket istehsalından əl çəkməsi olduğunu qeyd etmişdi.

 

Həsən Ruhani Trampa cavabında sanksiyaların ləğv edildiyi təqdirdə, ABŞ prezidenti ilə görüşməyə hazır olduğunu demişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN