Brayan Huk: “İranın raket proqramının qarşısı alınmasa, regional bir savaşla üz-üzə qala bilərik”

Brayan Huk: “İranın raket proqramının qarşısı alınmasa, regional bir savaşla üz-üzə qala bilərik”

GünazTV: Amerika Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk oktyabrın 16-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsində çıxış edərək, İranın ballistik raket proqramından, beynəlxalq terrorizmə dəstəyindən və region ölkələrinə qarşı təhdidindən danışıb.

 

“Amerikanın İranla bağlı siyasəti” mövzusunda keçirilən iclasda çıxış edən Huk deyib ki, əgər İran regiona qarşı təhdid və təxribat xarakterli əməllərini dayandırmasa, Amerikanın bu ölkəyə qarşı maksimum təzyiq siyasəti daha da gücləndiriləcək: “Son 40 ilin təcrübəsi göstərir ki, İran rejimi yalnız hərbi təhdid olan yerdə və ya blokadaya alındıqda müzakirə aparılmasına razılıq verir. Lakin hələ ki, biz İranın diplomatik baxımdan təcrid olunmasına üstünlük verir, bu ölkəyə qarşı maksimum təzyiq siyasətini davam etdiririk.

 

Nüvə razılaşmasının icrasına başlandığı bir vaxtda, İran İraq və Livanda öz raket fəaliyyətini genişləndirməklə məşğul olub, islam respublikasına bağlı olan hərbi qruplaşmalara raket və onun avadanlıqlarının göndərilməsini sürətləndirib. ABŞ-ın dövlət katibi də BMT Təhlükəsizlik Şurasında bir neçə dəfə bu haqda danışıb. Biz isə İrana qarşı sanksiyaların yenidən bərpa olunmasının tərəfdarıyıq.

 

Hazırda İrana qarşı tətbiq edilən sanksiyalar ona gətirib çıxarıb ki, İran İslam Respublikası  təmsilçi müharibə aparan Livan “Hizbullah”ı kimi bir qruplaşmanı maliyyə baxımdan təmin etməkdə çətinliklə üz-üzə qalıb. Məhz həmin çətinliklərə görədir ki, hazırda İran rejimi öz hərbi büdcəsini 28 faiz azaltmaq məcburiyyətində qalıb. Bu, həmçinin “Sepah”ın büdcəsinin də 17 faiz azaldılmasına gətirib çıxarıb.

 

Son vaxtlar İran dünyanı qorxutmaq üçün regionda bir sıra hücumlar həyata keçirib. İran rejimi və onun başçılarının beynəlxalq ictimaiyyətə isə mesajı aydındır. Onlar deyirlər ki, əgər bizə dağıdıcı və hədələyici rəftarımızı davam etdirməyə icazə verməsəniz, daha pis bir rəftara əl atacağıq. Elə bir rəftar ki, onu qəbul etmək məcburiyyətində qalasınız.

 

Hesab edirəm ki, İranın raket proqramına son qoyulmalıdır. Çünki, əgər İranın raket proqramının qarşısı alınmasa, bölgədə mümkün regional bir savaşla üz-üzə qala bilərik” –deyə, Amerika Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk vurğulayıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN