Brayan Huk: “Tehranda oğru və dini mafiya rejimi hakimdir”

Brayan Huk: “Tehranda oğru və dini mafiya rejimi hakimdir”

GünazTV: ABŞ-ın Dövlət Departamentində İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk, aprelin 24-də “Fox News” telekanalına müsahibəsində Tramp hökumətinin İrana qarşı sanksiyalarından və İran rejiminin neft gəlirlərinin kəskin azalmasından danışıb.

 

Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyaların təsirinə toxunan Huk deyib ki, Tehran rejimi hazırda iki variantdan birini seçməlidir. O, ya zorakılığa söykənən müdaxiləçi xarici siyasətini dəyişib normal bir ölkə kimi davranmalı, ya da öz iqtisadiyyatının çökməsinin şahidi olmalıdır: “Tehranda oğru və dini mafiya rejimi hakimdir. Bu rəhimsiz rejim, öz vətəndaşlarına qarşı  repressiyalar həyata keçirir, onların sərvətini qarət edərək region ölkələrində, o cümlədən də Livanda, Suriyada, İraqda, Yəməndə və Bəhreyndə özünə bağlı ekstremist qruplaşmalara sərf edir, onları maliyyə baxımdan təmin edir. Aydın məsələdir ki, həm Amerika Birləşmiş Ştatları, həm də İran xalqı bu vəziyyətə son qoyulmasını tələb edirlər.

 

Amerika hökumətinin Tehrana qarşı tətbiq etdiyi sanksiyaların İran iqtisadiyyatına təsirinə gəlincə, deyə bilərəm ki, əgər sanksiyalardan əvvəl İranın neft satışından əldə etdiyi illik gəliri 50 milyard dollar təşkil edirdisə, bu rəqəm sanksiyalar tətbiq ediləndən sonra xeyli dərəcədə azalıb. Belə ki, Amerikanın ötən ilin mayında nüvə sazişindən çıxmasının ardınca Tehrana qarşı tətbiq edilən sanksiyalar nəticəsində, İran rejimi gəlirlərinin 10 milyard dollardan çoxunu itirib” –deyə Huk əlavə edib.

 

ABŞ prezidenti Donald Tramp

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 2018-ci il, mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir. Məhz bunları nəzərə alaraq, biz İranla bağlanmış nüvə razılaşmasından çıxdığımızı elan edirik”-deyə Tramp vurğulayıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN