Brayan Huk: “Ya Amerika, ya da İranla əməkdaşlığı seçməlisiniz”

Brayan Huk: “Ya Amerika, ya da İranla əməkdaşlığı seçməlisiniz”

Günaz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk prezident Donald Trampın İranla nüvə razılaşmasına alternativ olaraq yeni anlaşmaya nail olacağına ümid etdiyini deyib.

 

Amerikalı diplomat İrandan neft alan ölkələrə xitabən onların ya Amerika, ya da İranla əlaqələrini davam etdirmək üçün seçim etmələrinin zəruri olduğunu bildirib. Belə ki, Amerika ilə əməkdaşlıq edən ölkələr İranla da əlaqələri saxlasalar, onlar sanksiyalara məruz qalacaqlar.

 

Hukun sözlərinə görə, Çin də İrana qarşı qəbul edilmiş sanksiyalara əməl etməyə davam edəcək.

 

Xatırladaq ki, aprelin 22-də rəsmi Vaşinqton bəyanat yayaraq, İrandan neft alan istisna 8 ölkəyə verilmiş möhlət hüququnu uzatmayacağını bildirib. 2018-ci ilin noyabr ayının əvvəllərində ABŞ-ın İranın neft və qaz sektoruna qarşı tətbiq etdiyi embarqolara əsasən, Türkiyə, Çin, Hindistan, Cənubi Koreya, Yaponiya, Tayvan, İtaliya və Yunanıstan 180 gün ərzində bu ölkədən aldıqları qara qızılı tədricən sıfıra endirməli idi. Bu müddət may ayının 2-də bitir.

 

Yunanıstan, İtaliya, Cənubi Koreya, Yaponiya və Tayvan bu günə qədər İrandan neft idxalını azaltmaqla, alternativ ölkələrə yönəlməyə müvəffəq olsalar da, bu sahədə problemlərlə üzləşən İranın ən böyük neft müştərisi Çin Amerikanın son qərarını kəskin tənqid edib.

 

“Rəsmi Pekin Amerikanın digər ölkələrə qarşı qəbul etdiyi birtərəfli embarqoları dəstəkləmir”-deyə Çinin Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd edilirdi.

 

Brayan Huk Tehrana qarşı maksimum təzyiqlərin səbəbinin İranın öz rəftarlarını dəyişməsi, terrorizmə göstərdiyi dəstəkdən əl çəkməsi, nüvə və raket proqramını dayandırması kimi müddəalar da daxil olmaqla, Pompeonun irəli sürdüyü 12 şərti qəbul edərək, yenidən müzakirə masasına əyləşməsi olduğunu deyib.

 

Ə.A

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN