Brayan Hukdan Ruhaniyə cavab: “Biz, Hörmüz boğazında naviqasiya azadlığını təmin edəcəyik”

Brayan Hukdan Ruhaniyə cavab: “Biz, Hörmüz boğazında naviqasiya azadlığını təmin edəcəyik”

GünAzTV: ABŞ Dövlət Departamentində  yenicə yaradılmış İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk, dekabrın 4-də jurnalistlərə açıqlamasında İran prezidenti Həsən Ruhaninin iki gün əvvəl Hörmüz boğazını bağlayacaqları ilə bağlı təhdid dolu bəyanatına reaksiya verib.

 

Huk bildirib ki, İran prezidentinin Amerikaya qarşı təhdidinə baxmayaraq, Vaşinqton özünün regional müttəfiqləri ilə birlikdə Hörmüz boğazında beynəlxalq gəmilərin sərbəst hərəkətinin təhlükəsizliyini təmin edəcək: “İran Hörmüz boğazına nəzarət edə bilməz. Bu boğaz, beynəlxalq keçid yollarından biridir. Biz isə regional tərəfdaşlarımızın yardımı ilə körfəzdə naviqasiya azadlığını və beynəlxalq dəniz keçidlərindən neft və digər əmtəələrin sərbəst nəqlini təmin edəcəyik”.

 

 

Xatırladaq ki, dekabrın 4-də İranın Şahrud şəhərinə səfər edən Həsən Ruhani, qatıldığı bir tədbirdə çıxış edərək, Vaşinqtonun İran neftinin satışını məhdudlaşdıran sanksiyalara toxunaraq, Amerikaya qarşı təhdid dolu bəyanatlar səsləndirib.

 

O, öz çıxışında İranın təzyiqə məruz qalacağı təqdirdə, körfəzdəki Hörmüz boğazını bağlayacağına eyham vurub: “Amerika bilməlidir ki, biz hazırda öz neftimizi satır, gələcəkdə də satacağıq. Vaşinqton bilməlidir ki, o, bizim neftimizin ixracının qarşısını ala bilməyəcək və əgər nə vaxtsa neftimizin satışının qarşısını almağa cəhd göstərsə, İran körfəzindən artıq heç bir neft ixrac edilməyəcək.

 

Amerika Avropanı, Çini və Hindistanı İrandan ayırmağa çalışır. Amerika həm də çalışır ki, qonşularımızı bizdən ayırmaqla bölgədə İranafobiyaya rəvac versin. Biz isə bildiririk ki, biz qonşuluğumuzda olan heç bir millətin düşməni deyilik və gələcəkdə də olmayacağıq”.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN