Britaniya Milli Jurnalistlər Birliyi BBC-nin İranla anlaşmasını kəskin tənqid edib

Britaniya Milli Jurnalistlər Birliyi BBC-nin İranla anlaşmasını kəskin tənqid edib

GünAz TV: Britaniya Milli Jurnalistlər Birliyi BBC telekanalının rəhbərliyinin İranla əldə etdiyi razılaşmanı qınayan bəyanat yayıb.

 

Bəyanatda BBC rəhbərliyinin telekanalın jurnalistlərinin İranda fəaliyyət göstərə bilməsi üçün bu ölkənin irəli sürdüyü məhdudiyyətləri qəbul etməsini tənqid edilir.

 

Bəyanatda rəhbərliyin məhdudiyyətləri qəbul etməsinin İran rejiminin BBC farscanın əməkdaşları və ailələrinə qarşı təzyiq və təqibləri artırdığı vaxt baş verdiyinə diqqət çəkilir və bunun fars dili bölməsinin işçilərinin “qəzəb” və “hiddəti”nə səbəb olduğu deyilir.

 

Razılaşmaya əsasən, BBC farscanın işçilərinə kanalın İranda hazırladığı materiallar və çəkdiyi şəkillərdən istifadə etmək qadağan edilir.

 

Milli Jurnalistlər Birliyi BBC rəhbərliyini farsdilli bölməni telekanaldan ayıran və fəaliyyətini məhdudlaşdıran bu cür önşərti qəbul etməməyə, öz yanaşmasını dəyişməyə çağırıb.

 

Bəyanatda qeyd edilir ki, BBC-nin bu önşərti qəbul etməsi İran hökumətinə farsdilli bölmədə hazırlanan və yayınlanan materiallara təsir göstərmək imkanı verir.

 

Milli Jurnalistlər Birliyinin yazdıqlarına əsasən, BBC rəhbərliyinin İran hökumətiylə razılaşması BBC farscanın professinallığı və etibarını aradan qaldırır. Eləcə də, BBC farscanın əməkdaşları və onların ailələrinə qarşı İran rejiminin təzyiqlərinin dayandırılması üçün başladılmış beynəlxalq kampaniyanın işinə də mənfi təsir göstərir.

 

 

Qeyd etmək lazımdır ki, iyulun 22-də “BBC World”-ün İran rəhbərliyi ilə razılığa gəldiyi barədə məlumatlar yayılmışdı. Xəbərlərdə qeyd edilirdi ki, BBC öz əməkdaşlarının İranda fəaliyyətlərini davam etdirə bilmələri üçün rəsmi Tehran tərəfindən irəli sürülmüş məhdudiyyətləri qəbul edib. Belə ki, kanalın əməkdaşlarına İrandan hazırladıqları materialların BBC farscada yayınlanmadığı təqdirdə, bu ölkədə öz fəaliyyətlərini davam etdirməyə icazə verilir.

 

“BBC World”-ün rəhbərliyi razılaşmanın əldə edilməsindən sonra BBC farscanın əməkdaşlarına İranda hazırlanmış heç bir materialı farsdilli bölmədə və onun sosial şəbəkələrdəki hesablarında paylaşmamaq barədə təlimat verib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN