Britaniya və Fransadan münasibət: “İran 3-cü addımla gərginliyin aradan qaldırılması üçün göstərilən səylərə zərbə vurur”

Britaniya və Fransadan münasibət: “İran 3-cü addımla gərginliyin aradan qaldırılması üçün göstərilən səylərə zərbə vurur”

GünAz TV: Britaniya və Fransa ötən gün yaydıqları ayrı-ayrı bəyanatlarda İranın 3-cü addımla bağlı qərarını qınayıblar.

 

Fransa Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd edilir ki, İran nüvə öhdəliklərilə ziddiyyət təşkil edən və gərginliklərin aradan qaldırılması üçün göstərilən səylərə zərbə vuran hər bir addımı atmaqdan çəkinməlidir.

 

Fransa həmçinin İranın bu qərarını öz müttəfiqləri və Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə müzakirə edəcəyini bəyan edib.

 

Xatırladaq ki, bir neçə gün öncə Fransanın İrana öz nüvə öhdəliklərinə əməl etmək müqabilində 15 milyard dollarlıq kredit xətti açmaqla bağlı planı barədə məlumatlar yayılmışdı. İran və Fransa diplomatları xəttin işə salınmasının yalnız Amerikanın təsdiqi ilə baş tuta biləcəyini demişdilər. ABŞ prezidenti Donald Tramp isə Fransanın bu təşəbbüsünə müsbət cavab verməmişdi.

 

Britaniya Xarici İşlər Nazirliyi isə İranın 3-cü addımı atmaqla bağlı qərarını narahat edici adlandırıb.

 

“Bizim öz avropalı və beynəlxalq tərəfdaşlarımızla İranla yaranmış gərginliyi aradan qaldırmaq üçün gərgin səylər göstərdiyimiz bir vaxtda Tehranın nüvə razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəlikləri azaltmaq üçün 3-cü addımı atması məyus edicidir”- deyə Britaniya XİN-in bəyanatında vurğulanır.

 

Qeyd etmək lazımdır ki, Həsən Ruhani ötən gün ölkəsinin 3-cü addıma başladığını rəsmən bəyan etmişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN