Bu gün İranla bağlı hərbi variantlar Donald Trampa təqdim ediləcək

Bu gün İranla bağlı hərbi variantlar Donald Trampa təqdim ediləcək

GünAz TV: “Associated Press” agentliyi Pentaqonun bir neçə saatdan sonra İrana qarşı hərbi variantla bağlı geniş planı prezident Donald Trampa təqdim edəcəyi barədə məlumat yayıb.

 

Məlumatda adlarının açıqlanmasını istəməyən rəsmilərə istinadən xəbər verilir ki, Səudiyyə Ərəbistanın neft təsisatlarına edilən hücumdan sonra İrana mümkün cavabın verilməsiylə bağlı baş tutan toplantıların davamı olaraq, bu gün Ağ Evdə milli təhlükəsizliklə bağlı görüş keçiriləcək.

 

Bu günkü görüşdə İranın bir neçə mühüm obyektinə qarşı hava hücumu həyata keçirilməsilə bağlı geniş hərbi plan Trampa təqdim ediləcək.

 

Rəsmilər əlavə ediblər ki, Trampa nəzərdə tutulan məhdud hücumların geniş miqyaslı müharibəyə səbəb olacağıyla bağlı xəbərdarlıq edəcəklər.

 

Qeyd etmək lazımdır ki, son günlər ərzində Amerikanın sentyabrın 14-də Səudiyyə Ərəbistanının neft təsisatlarına edilən hücuma görə İrana qarşı hərbi varianta əl atacağıyla bağlı məlumatlar yayılır. Rəsmi Ər-Riyad və bir neçə amerikalı yüksək rəsmi hücumların İran ərazisindən həyata keçirildiyini bildirirlər.

 

“Associated Press” sonda qeyd edib ki, bu gün Trampa təqdim ediləcək cavab tədbirləri paketi İrana qarşı hərbidən əlavə, siyasi və iqtisadi variantları da əhatə edəcək. Hərbi varianta gəldikdə, ola bilər ki, İrana qarşı birbaşa hava hücumları əvəzinə, kiber hücumlar kimi müxtəlif gizli əməliyyatların həyata keçirilməsinə üstünlük verilsin.

 

Digər tərəfdən, rəsmi Vaşinqton bəyan edir ki, İrana qarşı cavab tədbiri hücumları araşdırmaq üçün Səudiyyəyə ezam edilmiş amerikalı mütəxəssislərin verəcəyi rəyə bağlı olacaq.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN