Cəbəlüttariq hökuməti Amerikanın İran tankerinin yenidən saxlanması ilə bağlı istəyinə qarşı çıxıb. Tanker Cəbəllüttariqi tərk edib

Cəbəlüttariq hökuməti Amerikanın İran tankerinin yenidən saxlanması ilə bağlı istəyinə qarşı çıxıb. Tanker Cəbəllüttariqi tərk edib

GünazTV: Böyük Britaniyanın nəzarətində idarə olunan Cəbəlüttariq hökuməti avqustun 18-də bəyanat yayaraq, İranın “Grace 1” neft tankerinin yenidən saxlanılması ilə bağlı Amerika hökumətinin istəyinə qarşı çıxdığını bildirib.

 

Cəbəllüttariq məhkəməsi İran tankerinin azad edilməsi ilə bağlı bir neçə gün əvvəl qərar çıxarıb.

 

Bəyanatda bildirilir ki, Cəbəlüttariq hökuməti Amerikanın tələbini yerinə yetirməyə qadir deyil: “Biz Amerikanın bu tələbini yerinə yetirməyə qadir deyilik. Səbəbi isə Avropa İttifaqının qanunları, eləcə də Amerika ilə Avropanın İrana qarşı tətbiq etdikləri sanksiyalardakı fərqlərdir. Avropa İttifaqının İrana qoyduğu sanksiyalar Amerikanın tətbiq etdiyi sanksiyalardan qat-qat məhduddur. Cəbəlüttariqdə isə Avropa qanunlarına riayət edilir” –deyə bəyanatda vurğulanır.

 

Yayılan məlumatlara əsasən artıq adını dəyişərək yeni “Adrian Dərya 1” adı ilə hərəkət edən İranın neft tankeri (keçmiş “Grace 1”) avqustun 18-də Cəbəllüttariqi tərk edərək Aralıq dənizinə doğru istiqamət götürüb. Onun Yunanistanın cənubunda yerləşən Kalamata limanında lövbər salacağı təxmin edilir.

 

İran tankerinin Cəbəlüttariqi tərk etməsinin ardınca “Sepah”ın dəniz qüvvələrinin komandanı Əlirza Təngsiri avqustun 18-də jurnalistlərə açıqlamasında məsələyə münasibət bildirərək, “Sepah” qüvvələri tərəfindən körfəzdə saxlanılan Böyük Britaniyaya məxsus “Stena İmpero” neft tankerindən danışıb.

 

“Sepah”ın dəniz qüvvələrinin komandanı Əlirza Təngsiri

 

O deyib ki, iki neft tankerinin saxlanılması və ya azad edilməsi bir-birindən ayrı fərqli məsələlərdir və onların bir-birinə aidiyyəti yoxdur: “Britaniya gəmisi üç qanun pozuntusuna yol verib. Məhz buna görə də İran Məhkəmə Sistemi, eləcə də Naviqasiya və Limanlar Təşkilatı Britaniyanın neft tankeri barədə qərar verməlidirlər” –deyə “Sepah”ın dəniz qüvvələrinin komandanı Əlirza Təngsiri əlavə edib.

 

 Xatırladaq ki, iyulun 3-də Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri və Cəbəlüttariq rəsmiləri İranın qanunsuz olaraq Suriyaya neft daşıyan “Grace 1” adlı gəmisini saxladıqları barədə məlumat yayıblar.

 

 

İyulun 19-da isə “Sepah” terror təşkilatının körfəzdəki sürət qayıqları cavab tədbiri olaraq, Hörmüz boğazında üzən  Britanıyaya məxsus “Stena İmpero” adlı tankeri saxlayıblar. “Sepah”, Britaniya tankerini beynəlxalq dənizçilik qanunlarını pozduğuna görə saxladığını bəyan edib.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN