Çin yenidən Amerikanın İrana qarşı sanksiyalarına qarşı çıxdı

Çin yenidən Amerikanın İrana qarşı sanksiyalarına qarşı çıxdı

GünAzTV: Çin Xarici İşlər Nazirliyi avqustun 10-da nəyanat yayaraq Amerikanın İrana qarşı birtərəfli sanksiyalarına qarşı çıxdığını bir daha elan edib.

 

Çin xarici işlər naziri Vanq Yi məsələ ilə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, onun ölkəsi ABŞ prezidenti Donald Trampın bir neçə gün əvvəlki xəbərdarlığına baxmayaraq İranla iqtisadi əməkdaşlığını davam etdirəcək: “Çinin İranla neft və ticarət sahələrində mövcud əlaqələri qoruyub saxlaması, başqa hər hansı bir ölkənin ziyanına deyil. Çinlə İran arasında  neft, ticarət və energetika sahələrində olan mövcud əlaqələr tam şəffaf, ədalətli və qanunidir. Bu əlaqələr, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd deyil və onu pozmur”.

 

Xatırladaq ki, Amerika prezidenti bir neçə gün əvvəl İranla iqtisadi sahədə əməkdaşlıq edən xarici şirkət və ölkələrə xəbərdarlıq bildirərək, onları iki ölkədən birini seçim qarşısında qoymuşdu: “Bundan sonra İranla sövdələşən ölkələr və şirkətlər Amerika bazarından məhrum ediləcək”.

 

Avqustun 6-da ABŞ prezidenti Donald Trampın sərəncamı ilə Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb. Sanksiyaların birinci mərhələsində, İranın qızıl və digər qiymətli metallarının satışına, avtomobil sənayesinə, gəmiçilik sığortasına, xarici banklardan İrana valyuta köçürmələrinə, İran xalçası ilə qida məhsullarının ixracına və s. qadağa qoyulub.

 

 

Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq. Amerika hökuməti bildirib ki, İran neftinin ixracını və satışını sıfıra endirmək niyyətindədir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN