Con Bolton: “Amerika və müttəfiqlərinə qarşı hər hansı hücum baş tutarsa, buna görə Qüds Briqadası məsuliyyət daşıyacaq”

Con Bolton: “Amerika və müttəfiqlərinə qarşı hər hansı hücum baş tutarsa, buna görə Qüds Briqadası məsuliyyət daşıyacaq”

GünAz TV: Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bildirib ki, Amerika Birləşmiş Ştatları və müttəfiqlərinə qarşı hər hansı bir hücum baş tutarsa, bunla bağlı məsuliyyəti “Sepah” terror təşkilatının “Qüds Briqadası” daşıyacaq.

 

Boltonun sözlərinə görə, “Qüds Briqadası”nın komandanı Qasım Süleymani regionun bəzi ölkələrində fəaliyyət göstərən şiə yaraqlılar və terror qruplaşmalarını istifadə etməklə, ABŞ mənafeyinə qarşı hücumlar təşkil etməyə çalışır. Bu səbəbdən, Amerika öz müttəfiqləri ilə İranın və ona bağlı yaraqlıların planlaşdırdıqları təxribatçı addımlara qarşı kəskin cavab vermək üçün məsləhətləşmələr aparır.

 

Bolton həmçinin ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının İranın nüvə silahı əldə etməsinin böyük təhlükəyə səbəb olacağı xüsusundə ortaq fikrə sahib olduğunu deyib.

 

BƏƏ yaxınlığında ticari gəmilərə edilmiş hücumla bağlı da danışan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri bunun arxasında İranın dayandığına heç bir şübhə olmadığını bildirib.  

 

Xatırladaq ki, Con Bolton mayın 28-i axşam saatlarında regionun təhlükəsizlik məsələləri ilə bağlı müzakirələr aparmaq üçün Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfər edib. Onun bu səfərinin Vaşinqton ilə Tehran arasındakı gərginliklərin kəskinləşməsi fonunda baş tutması diqqət çəkir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN