Əlaəddin Brucerdi: “İranla Səudiyyə Ərəbistanı arasındakı ixtilaf Pakistanın vasitəçiliyi ilə həll edilməyəcək”

Əlaəddin Brucerdi: “İranla Səudiyyə Ərəbistanı arasındakı ixtilaf Pakistanın vasitəçiliyi ilə həll edilməyəcək”

GünazTV: İran parlamentinin milli təhlükəsizlik komissiyasının üzvü Əlaəddin Brucerdi oktyabrın 16-da jurnalistlərə açıqlamasında Pakistanın İranla Səudiyyə Ərəbistanı arasında vasitəçilik etməyə cəhdindən və rəsmi Tehranın buna münasibətindən danışıb.

 

Brucerdi deyib ki, İranla Səudiyyə Ərəbistanı arasında olan ixtilaf, Ər-Riyadın bölgədə yürütdüyü siyasəti ilə əlaqədardır: “Biz, Pakistanın İranla Səudiyyə Ərəbistanı arasında olan problemin həlli üçün atdığı addımını müsbət qarşılayırıq. Lakin hesab edirik ki, bizimlə Ər-Riyad arasında olan ixtilaf Pakistanın vasitəçiliyi ilə həll edilməyəcək. Çünki Tehranla Ər-Riyad arasında olan problemin həllini Səudiyyə Ərəbistanının regionda yürütdüyü siyasətlərində axtarmaq lazımdır.

 

Səudiyyə Ərəbistanı Yəmənə hücum etməklə yanlış bir yolu seçib. Səudiyyə Ərəbistanı elə güman edirdi ki, öz hərbi gücünə söykənərək Yəmən problemini bir neçə ay ərzində aradan qaldıra biləcək. Lakin Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirliklərinin Yəmənə hücumundan beş il keçməsindən sonra, bu gün belə görünür ki, onlar Yəməndə bataqlığa düşərək ilişib qalıblar. Məhz bunu nəzərə alaraq, hazırda bu iki ölkə Yəməndən abırlı bir şəkildə çıxış yollarını axtarırlar.

 

Biz, Yəmən böhranına tezliklə son qoyulmasının tərəfdarıyıq. Əgər bizim cəhdlərimiz bu böhranın aradan qaldırılmasına yardım edə bilsə, biz bu yolda əlimizdən gələni əsirgəməyəcəyik” –deyə, İran parlamentinin milli təhlükəsizlik komissiyasının üzvü Əlaəddin Brucerdi əlavə edib.

 

Xatırladaq ki, İranın “dini” lideri Əli Xamneyi oktyabrın 13-də Tehranla Ər-Riyad arasında vasitəçilik etmək üçün İrana səfər edən Pakistanın baş naziri İmran Xanla görüşərək, regionda yaşanan gərginlikdən və Yəmən savaşından danışıb.

 

 

Görüşdə,Yəmən savaşına toxunan Xamneyi, dolayısıyla Səudiyyə Ərəbistanını və regionun digər ərəb ölkələrini Amerikaya bağlılıqda günahlandırıb: “İran Yəmən savaşına son qoymaq üçün hələ bir neçə il əvvəl dörd maddədən ibarət bir plan hazırlayaraq təklif kimi irəli sürüb. Hesab edirik ki, əgər Yəmən savaşı düzgün bir yolla başa çatsa, bunun regiona təsiri müsbət ola bilər.

 

Biz region ölkələri ilə düşmənçilik etməkdə maraqlı deyilik. Lakin bu ölkələr Amerikanın iradəsinin təsiri altındadırlar və məhz Amerikanın istəyi ilə İrana qarşı çıxırlar. Bir halda ki, İran  bu günə qədər heç bir savaşı başlayan tərəf olmayıb. Lakin əgər hər kəs bizə qarşı müharibəyə başlasa, şübhəsiz ki, sonda peşman olacaq” -deyə, İranın "dini" lideri Əli Xamneyi bəyan edib.  

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN