Əli Əkbər Salehi: “Avropanın nüvə sazişi ilə bağlı təklifləri kifayət deyil”

Əli Əkbər Salehi: “Avropanın nüvə sazişi ilə bağlı təklifləri kifayət deyil”

GünAzTV: İyunun 19-da Norveçin paytaxtı Osloya səfər edən İranın Atom Enerjisi Təşkilatının rəisi Əli Əkbər Salehi, BMT-nin baş katibi Antonio Quterreşlə görüşərək, Avropa dövlətlərinin nüvə sazişi ilə bağlı təkliflərindən və razılaşmanın qorunmasının şübhə altında olmasından danışıb.

 

ABŞ prezidenti Donald Trampın sazişlə bağlı “dağıdıcı” siyasətindən gileylənən Salehi bildirib ki, avropalıların nüvə razılaşması ilə bağlı irəli sürdüyü təkliflər İranı qane etmir: “Mən, mövcud şəraiti nəzərə alaraq, sazişin qorunmasına şübhə ilə yanaşıram. Bizim, Avropa Birliyindən gözləntilərimiz var. Lakin hesab edirəm ki, sazişin (“Bərcam”ın) qorunması və icrası üçün Avropa ölkələrindən gələn təkliflər kifayət deyil.

 

Nüvə razılaşmasının İran üçün nəticələri, xüsusən də onun iqtisadiyyat, bank və sərmayə qoyuluşu sahələrindəki nəticəsi, bizim gözlədiyimizdən çox azdır. Elə buna görə də, düşünürəm ki, bu sazişin qorunmasını istəyən Avropa ölkələri və BMT, onu açıq şəkildə dəstəkləməlidir”.

 

Salehi, avropalıların sazişlə bağlı rəsmi Tehrana etdiyi təkliflərin təfərrüatını açıqlamayıb.

 

 

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

Amerikanın bu sazişdən çıxmasının ardınca, Vaşinqtonun İrana qarşı sanksiyaları genişləndirilib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN