Əli Laricani: “Trampın bəyanatları İran rəsmilərinin heç bir qorxusuna və ya iztirab və təşvişinə səbəb olmayıb”

Əli Laricani: “Trampın bəyanatları İran rəsmilərinin heç bir qorxusuna və ya iztirab və təşvişinə səbəb olmayıb”

GünAzTV: İran parlamentinin sədri Əli Laricani oktyabrın 12-də Rusiyaya səfəri zamanı Tehranın Mehrabad hava limanında jurnalistlərlə görüşərək ABŞ prezidenti Donald Trampın nüvə sazişinə qarşı bəyanatlarına və onun İranla bağlı açıqlayacağı yeni strategiyasına münasibət bildirib.

 

Oktyabrın 14-dən 18-ə qədər Sankt-Peterburqda keçiriləcək Parlamentlərarası İttifaqın 137-ci Assambleyasına qatılmaq üçün Rusiyaya səfər edən Laricani deyib ki, o, Trampın son vaxtlar İrana və nüvə sazişinə qarşı səsləndirdiyi bəyanatlarına beynəlxalq səviyyədə ciddi yanaşılmasını güman etmir: “Trampın səsləndirdiyi bəyanatlar, İran rəsmilərinin heç bir qorxusuna və ya iztirab və təşvişinə səbəb olmayıb. Mənim Avropa ölkələrinin, eləcə də Çin və Rusiyanın nüvə sazişi (“Bərcam”) ilə bağlı mövqeyinin bizim mövqeyimizə oxşar olmasından xəbərim var. Elə buna görə də hesab edirəm ki, amerikalıların bu sahədə qeyri-dəqiq rəftarı, sadəcə olaraq həm onların özlərinə, həm də digər ölkələrə problem yaradacaq.

 

Mən, 5+1 qrupuna üzv ölkələrin bundan əvvəl Nyu-Yorkda İran nümayəndələri ilə keçirdiyi görüşündə, onların heç birindən bu məsələdə Amerikanın mövqeyini dəstəklədiklərini eşitmədim. Onların hamısı Amerikanın indiki mövqeyini qınayır, bu sazişin BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənmiş beynəlxalq bir anlaşma olduğunu və qrupa üzv ölkələrdən heç birinin təkbaşına ona qarşı çıxa bilməyəcəyini deyir, razılaşmanın qorunub saxlanılmasının tərəfdarı olduqlarına təkid edirdilər”.

 

Qeyd edək ki, ABŞ prezidenti hər 90 gündən bir, İranın nüvə sazişinə sadiq qalıb-qalmaması və onun bu razılaşmanın şərtlərinə əməl edib-etməməsi barədə ABŞ Konqresinə hesabat təqdim etməlidir.

 

Ağ Evin bildirdiyinə görə, Donald Tramp, hökumətinin İranla bağlı yeni strategiyasını, eləcə də nüvə sazişi ilə bağlı mövqeyini oktyabrın 13-ü (bu gün), Vaşinqton vaxtı ilə günorta saat 12:45 radələrində açıqlayacaq.

 

Bəzi Qərb ekspertlərinin bildirdiyinə görə, Trampın həmin açıqlamasında “Sepah”ı terrorçu qruplar siyahısına daxil etməsi ehtimalı böyükdür.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN