Əli Laricani yenidən İran parlamentinin sədri vəzifəsinə seçilib

Əli Laricani yenidən İran parlamentinin sədri vəzifəsinə seçilib

GünAzTV: Əli Laricani səsvermə yolu ilə yenidən İran parlamentinin sədri vəzifəsinə seçilib. Mayın 31-də keçirilən səsverməyə 268 deputat qatılıb.

 

İran mətbuatının yaydığı məlumata görə, bu gün keçirilən səsvermədə Laricani 204 səs toplayaraq yenidən daha 1 il müddətinə İslami Şura Məclisinə sədr seçilib. O, parlament sədrliyinə yeganə namizəd olub.

 

Həmin gün həmçinin İran parlamentinin rəyasət heyətinin üzvlərinin təyin edilməsi üçün də səsvermə keçirilib. Səsvermədə təbrizli deputat Məsud Pezeşkiyan 179 səs toplayaraq parlament sədrinin birinci müavini, deputat Əli Mütəhhəri isə lehinə verilən 173 səslə Laricaninin ikinci müavini vəzifəsinə seçilib.

 

Qeyd edək ki, 2008-ci ildən İran parlamentinin sədri vəzifəsində çalışan və hakimiyyətin mühafizəkarlar qanadından olan Əli Laricani, keçmişdə müxtəlif vəzifələrdə, o cümlədən də Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri, Qərblə nüvə danışıqları aparan nümayəndə heyətinin başqanı, Dövlət Radio-Televiziyası Təşkilatının rəisi və digər vəzifələrdə çalışıb.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN