Əli Rəbii: “Əhalinin 91%-i məsulların rüşvətxor olduğunu düşünür”

Əli Rəbii: “Əhalinin 91%-i məsulların rüşvətxor olduğunu düşünür”

GünAz TV: İran hökumətinin sözçüsü Əli Rəbii ölkə əhalisinin dövlət qurumlarına və rəsmilərinə etibarının azaldığını deyib.

 

Onun sözlərinə görə, dövlətə bağlı mərkəzlərin həyata keçirdiyi soğruda əhalinin 91%-inin məsulların rüşvətxor olduğunu düşündüyü üzə çıxıb.

 

Sözçü bildirib ki, əhalinin dövlət qurumları və rəsmilərə qarşı olan etimadı sahəsində çoxlu sayda araşdırmalar aparılıb. O, hər həftənin 2-ci günləri bu sahədə çalışan mərkəzlərdə görüşlər keçirdiyini və 4 xüsusi analitikin ona mövcud vəziyyətlə bağlı məruzə oxuduğunu deyib.

 

Əli Rəbii aparılan tədqiqatların ürəkaçan olmadığını, sorğunun nəticələrinin əhalinin 91%-nin məmurların rüşvətxor olduğunu düşündüyünü göstərdiyini bildirib.

 

Sözçü bunu təbii adlandırmayıb və iddia edib ki, “əhalinin belə düşünməsinə səbəb məmurlar arasında rüşvətxorluğun kəskin yayılması deyil, əksinə, rüşvətlə bağlı məsələlərin şişirdilməsidir”.

 

Qeyd etmək lazımdır ki, Beynəlxalq Şəffaflıq Təşkilatının 2018-ci ildə dünya ölkələri arasında korrupsiyanın vəziyyəti ilə bağlı yaydığı hesabatda İranla bağlı olan göstəricilər 2017-ci ilə nisbətən daha da pisləşmişdi. İran 2017-ci ildə korrupsiyaya görə dünya ölkələri arasında 130-cu yerdə qərarlaşsa da, 2018-ci ildə 180 ölkə içərisində 138-ci yerə yüksəlmişdi.

 

Mütəxəssislərin fikrinə əsasən, ordu və təhlükəsizlik orqanlarının böyük iqtisadi fəaliyyətlə məşğul olması, dövlətin iqtisadi fəaliyyətləri, qanundakı boşluqlar, məhkəmə və nəzarət orqanlarının müstəqil olmaması və digər bu kimi səbəblər İranda rüşvətxorluğun geniş vüsət almasına şərait yaradan amillərdəndir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN