Əli Şəmxani: “Kürdistanda keçirilmiş referendum İraq xalqının mənafeyinə ziddir”

Əli Şəmxani: “Kürdistanda keçirilmiş referendum İraq xalqının mənafeyinə ziddir”

GünAzTV: İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani oktyabrın 2-də ölkəyə səfər edən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hulusi Akarla görüşərək onunla bir sıra regional məsələlər və İraq Kürdistanında keçirilmiş müstəqillik referendundan danışıb.

 

Şəmxani bildirib ki, sentyabrın 25-də Kürdistanda keçirilmiş müstəqillik referendumu, bölgədə “təkfirçi terrorizmin himayədarı olan ərəb, İsrail və Qərb ölkələri cəbhəsi”nin hədəflərinin gerçəkləşdirilməsinə yardım edir: “Kürdistanda keçirilmiş referendum, İraq xalqının mənafeyinə ziddir. Hesab edirik ki, İraq Kürdistanı rəhbərlərinin mövcud dövrün təhlükəsizliklə bağlı tələb və şərtlərini nəzərə almadan özbaşına olaraq tayfa maraqlarına uyğun rəftar etməsi, təkfirçi terrorizmə qarşı mübarizəni zəiflədir, diqqətləri ondan yayındırır. Bu isə bölgəyə qarşı ən mühüm təhdiddir. Sözsüz ki, belə bir düşünülməmiş addımın atılmasının sonrakı fəsad və ziyanları regionla bərabər, həm də İraq Kürdistanının özünə qarşı yönələcək”.

 

Görüşdə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hulusi Akar, iki ölkənin hərbi əməkdaşlığının möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq deyib ki, rəsmi Ankara, İraqın mərkəzi hökumətinin və onun ərazi bütövlüyünün qorunub saxlanılmasının tərəfdarıdır: “Şübhə yoxdur ki, Türkiyə, İran və İraq bir-biri ilə qarşılıqlı əməkdaşlıqla regionda hər hansı bir separatçılıq (bölücülük) planının gerçəkləşdirilməsinin qarşısını alacaqlar. Türkiyə-İran sərhədləri dostluq sərhədləridir və biz terrorçu qrupların onun sabitliyini pozmasına imkan verməyəcəyik”.

 

 

General Hulusi Akar iranlı həmkarı Məhəmmədhüseyn Baqirinin rəsmi dəvəti ilə oktyabrın 1-dən 2-nə keçən gecə İrana səfər edib. Akarın Tehrana səfəri, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana rəsmi səfərindən iki gün əvvələ təsadüf edib.

 

Ərdoğanın İrana səfəri oktyabrın 4-nə planlaşdırılıb. Səfər zamanı Türkiyə prezidentinin iranlı həmkarı Həsən Ruhani və İranın dini lideri Əli Xamneyi ilə görüşüb danışıqlar aparacağı bildirilir.

 

Xatırladaq ki, sentyabrın 25-də İraq Kürdistan Muxtariyyətində müstəqilliklə bağlı referendum keçirilib və səsverməyə qatılanların 92 faizindən çoxu müstəqilliyin lehinə səs verib. 

 

 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN