Ərəb Dövlətləri Liqası və Körfəz Əməkdaşlıq Şurası, İranla diplomatik əlaqələrini kəsdiyinə görə Mərakeşə dəstək verib

Ərəb Dövlətləri Liqası və Körfəz Əməkdaşlıq Şurası, İranla diplomatik əlaqələrini kəsdiyinə görə Mərakeşə dəstək verib

GünAzTV: Ərəb Dövlətləri Liqası və Körfəz Əməkdaşlıq Şurası, Qərbi Səhrada (Qərbi Saxara) müstəqillik tərəfdarı olan Polisario Cəbhəsinə silah yardımı edən İranla diplomatik əlaqələrini kəsdiyinə görə Mərakeşə dəstək veriblər.

 

Ərəb Dövlətləri Liqası baş katibinin sözçüsü Mahmud Əfifi mayın 2-də jurnalistlərə açıqlamasında məsələyə toxunaraq İranın regiondakı ərəb ölkələrinin, o cümlədən də Mərakeşin daxili işlərini kəskin pisləyərək bunun yolverilməz olduğunu bəyan edib. O bildirib ki, bölgənin ərəb ölkələri İranın regionun sabitliyinə qarşı yönəlmiş strategiyası qarşısında susmamalı, passiv siyasət yürütməməlidirlər.

 

Həmçinin Səudiyyə Ərəbistanının başçılıq etdiyi Körfəz Əməkdaşlıq Şurası da ayrılıqda bəyanat yayaraq Mərakeşə İranla diplomatik əlaqələrini kəsdiynə görə dəstək verərək, Rabatın bu addımını müsbət qarşılayıb. Səudiyyə Krallığının Xarici İşlər Nazirliyinin mayın 1-də yaydığı bəyanatında bildirilir ki, rəsmi Ər-Riyad və şuraya üzv ölkələr, İranın Livan “Hizbullah”ı vasitəsilə Polisario Cəbhəsinə silah çatdırılmasını və onlara hərbi təlim keçməsini kəskin pisləyir və bunun dayandırılmasını tələb edir.

 

Rəsmi Tehran, Livan “Hizbullah”ı vasitəsilə Polisario Cəbhəsinə hər hansı bir yardım göstərdiyini təkzib edir.

 

 

Xatırladaq ki, Mərakeşin xarici işlər naziri Nasir Bureyta mayın 1-də jurnalistlərə açıqlamasında ölkəsinin İranla bütün diplomatik əlaqələrini kəsdiyini bildirib.

 

İranı və onun dəstəklədiyi Livan “Hizbullahı”nı Mərakeşin daxili işlərinə qarışmaqda müstəqillik tərəfdarı olan Polisario Cəbhəsini silahlandırmaqda günahlandıran nazir bildirib ki, rəsmi Rabat Tehranla bütün diplomatik əlaqələrini kəsərək, İran səfirini ölkədən qovub: “İran və onun müttəfiqi olan Livan “Hizbullah”ı, bölücü Polisario Cəbhəsi qüvvələrini silahlandırır, onlara hərbi təlimlər keçir, hərtərəfli yardım edirlər. Məhz buna görə də, bizim Tehrandakı səfirliyimizi bağlamaqdan, İranla diplomatik əlaqələrimizi kəsməkdən başqa yol və çarəmiz qalmayıb”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN