ETTELAAT Nazirliyi: “Ölkənin dini şəhərlərində teraktlar törətməyi planlaşdıran 27 İŞİD-çi yaxalanıb”

ETTELAAT Nazirliyi: “Ölkənin dini şəhərlərində teraktlar törətməyi planlaşdıran 27 İŞİD-çi yaxalanıb”

GünAzTV: İranın Kəşfiyyat Nazirliyi (ETTELAAT) avqustun 7-də bəyanat yayaraq ölkədə “terrorçu əməliyyatlar” həyata keçirmək istəyən 27 İŞİD-çinin həbs olunmasından xəbər verib.

 

Bəyanatda bildirilir ki, İŞİD-ə bağlı həmin şəxslər, region ölkələrdən birinin xüsusi xidmət orqanlarının yardımı ilə İranın dini şəhərlərində bir sıra teraktlar törətməyi planlaşdırıbmış: “Həmin şəxslərdən 10-u ölkə sərhədlərindən kənarda, 17-si isə ölkə daxilində yaxalanıb. Ölkə daxilində silsilə teraktlar törətmək işi onların 5-nə tapşırılmışdı. Qalanları isə onlara yardımçı rolunu oynamışlar.

 

Tutulan İŞİD-çilər, həm də bəzi ev əşyalarının daxilində quraşdırılmış müxtəlif silah-sursat və partlayıcı maddələri xaricdən ölkə ərazisinə keçirməyi planlaşdırsalar da, onların bu planı baş tutmayıb”.

 

ETTELAAT-ın bəyanatında, “27 İŞİD-çi”nin nə vaxt və harada yaxalandığı, onların kimliyi və milli mənsubiyyəti, eləcə də bölgənin konkret hansı ölkəsinin kəşfiyyat orqanının onlara yardım göstərdiyi açıqlanmayıb.

 

 

Xatırladaq ki, İyunun 7-si sübh saat 10.30-da İran parlamentinə və Xomeyni məqbərəsinə silahlı hücum olunub. 4 silahlı şəxs İran parlamentinin giriş qapılarındakı mühafizəçilərə atəş açaraq deputatların toplaşdığı zala daxil olmağa çalışıblar.  Atışma zamanı hücumçulardan biri özünü partladıb, 3-ü isə hökumət qüvvələri ilə atışmada həlak olub. Eyni hücum, Xomeyni məqbərəsinə də olunub. İki silahlı şəxs məqbərə həndəvərinə yaxınlaşaraq mühafizəçi qüvvələrə odlu silahlardan atəş açıblar. Hücumçulardan biri özünü partlatsa da, digəri yaxalanıb. Hər iki olayda 18 nəfər ölüb, 52  nəfərdən çox insan yaralanıb.  

 

İnsidentdən bir neçə saat sonra İŞİD hər iki hücumun məsuliyyətini öz üzərinə götürüb. Az sonra isə hücumçuların İranın İŞİD-ə qoşulmuş kürd vətəndaşları olduğu bəlli olub.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN