ETTELAAT Nazirliyi: “Qüds” günündə İŞİD-ə bağlı terrorçu qruplaşmanın üzvləri tutulub”

ETTELAAT Nazirliyi: “Qüds” günündə İŞİD-ə bağlı terrorçu qruplaşmanın üzvləri tutulub”

GünAzTV: İranın Kəşfiyyat Nazirliyi (ETTELAAT) iyunun 24-də bəyanat yayaraq ölkədə təxribat törətməyə cəhd edən silahlı dəstə üzvlərinin yaxalanmasından xəbər verib.

 

Bəyanatda bildirilir ki, iyunun 23-nə təsadüf edən “Qüds” günündə ölkənin mərkəzi əyalətlərində teraktlar törətməyi planlaşdırılan terrorçu dəstənin üzvləri zərərsizləşdirilib: “İŞİD-ə bağlı terrorçu dəstənin üzvləri ölkənin dini şəhərlərində bir sıra terror əməliyyatları həyata keçirməyi planlaşdırmışdılar. Lakin onlar hər hansı bir terakt törədə bilmədən yaxalanıblar. Tutulanlardan külli miqdarda silah, partlayıcı maddə, bomba istehsalında istiadə olunan qurğu və avadanlıq, eləcə də 3 ədəd intihar kəməri aşkaralanaraq götürülüb”.

 

ETTELAAT-ın yaydığı bəyanatda tutulan şəxslərin kimliyi və onların ölkənin hansı əyalətində tutulduğu açıqlanmayıb.

 

Qeyd edək ki, Kirmanşah əyalətinin inqilab prokuroru Məhəmmədhüseyn Sadiqi iyunun 25-də jurnalistlərlə görüşündə “terrorçu qruplarlar”la əlaqədə olan daha 50 nəfərin yaxalanmasından danışmışdı: “Tutulanlardan külli miqdarda silah, partlayıcı maddələr, elektron qurğular və intihar kəmərləri aşkarlanaraq götürülüb. Hazırda hüquq-mühafizə qüvvələrimiz Kirmanşahın müxtəlif bölgələrində, o cümlədən də əyalətin sərhədyanı məntəqələrində vəziyyətə ciddi nəzarət edir və sərhəd zonasında atəşmaların getdiyi ilə bağlı irəli sürülən iddialar isə əsassızdır və biz yayılan bu kimi məlumatları təkzib edirik”.

 

Xatırladaq ki, İyunun 7-si sübh saat 10.30-da İran parlamentinə və Xomeyni məqbərəsinə silahlı hücum olub. 4 silahlı şəxs İran parlamentinin giriş qapılarındakı mühafizəçilərə atəş açaraq deputatların toplaşdığı zala daxil olmağa çalışıblar.  Atışma zamanı hücumçulardan biri özünü partladıb, 3-ü isə hökumət qüvvələri ilə atışmada həlak olub. Eyni hücum, Xomeyni məqbərəsinə də olub. İki silahlı şəxs məqbərə həndəvərinə yaxınlaşaraq mühafizəçi qüvvələrə odlu silahlardan atəş açıblar. Hücumçulardan biri özünü partlatsa da, digəri yaxalanıb. Hər iki olayda 18 nəfər ölüb, 52  nəfərdən çox insan yaralanıb.  

 

İnsidentdən bir neçə saat sonra İŞİD hər iki hücumun məsuliyyətini öz üzərinə götürüb. Az sonra isə hücumçuların İranın İŞİD-ə qoşulmuş kürd vətəndaşları olduğu bəlli olub.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN