ETTELAAT rəhbəri: “Məhkəmə Sistemi rəisinin ailə üzvlərindən heç biri casusluqda günahlandırılmayıb”

ETTELAAT rəhbəri: “Məhkəmə Sistemi rəisinin ailə üzvlərindən heç biri casusluqda günahlandırılmayıb”

GünAzTV: İranın kəşfiyyat naziri (ETTELAAT rəhbəri) Mahmud Ələvi oktyabrın 4-də jurnalistlərə açıqlamasında Məhkəmə Sisteminin rəisi axund Sadıq Amoli Laricaninin qızı Zəhra Laricaninin Böyük Britaniyaya casusluqda günahlandırılması ilə bağlı yayılan xəbərləri təkzib edib.

 

Öz açıqlamasında Zəhra Laricaninin adını çəkməyən ETTELAAT rəhbəri bildirib ki, İran Məhkəmə Sistemi rəisinin ailə üzvlərindən heç biri casusluqda günahlandırılmayıb: “Ölkədə hər hansı bir əməlin casusluq əməli sayılıb-sayılmadığını peşəkarcasına müəyyənləşdirən yeganə qurum, ETTELAAT Nazirliyinin casusluğa qarşı mübarizə bölməsidir. Lakin bu bölmə, indiyə qədər ayətullah Sadıq Amoli Laricaninin ailə üzvlərindən hər hansı birinin casus olması barədə şübhəli bir nişanəyə rast gəlməyib. Hesab edirik ki, virtual aləmdə və sosial şəbəkələrdə bu barədə yayılan məlumatlar sırf böhtandan başqa bir şey deyil. Məqsəd isə ölkə əhalisinin İran İslam Respublikasının yüksək rütbəli şəxslərinə olan etimad və inamına xələl gətirməkdir”.

 

İran Məhkəmə Sisteminin rəisi, axund Sadıq Amoli Laricani

 

ETTELAAT rəhbəri Məhkəmə Sistemi rəisinin qızının Böyük Britaniyaya casusluq etməsi barədə yayılan məlumatları təkzib etsə də, son günlər İranın bir sıra hökumət saytlarında bu barədə üstü örtülü şəkildə yazılar dərc edilib. Məlumatlarda bildirilir ki, Zəhra Laricani, son vaxtlar casusluqda günahlandırılaraq həbs edilən və adı mediaya açıqlanmayan “Sepah”ın yüksək rütbəli bir komandiri ilə yaxın əlaqədə olub. Tutulan “Sepah” komandiri dindirilərkən Zəhra Laricani ilə əlaqədə olduğunu və hakimiyyət daxilindən topladığı məlumatları onun vasitəsilə Böyük Britaniyanın xəfiyyə orqanlarına ötürdüyünü bəyan edib.

 

Məhz həmin etirafdan sonra axund Sadıq Amoli Laricaninin qızının tutulması barədə məlumatlar yayılıb. Yayılan digər bir məlumata görə, axund Sadıq Amoli Laricani qızının casusluğu ilə bağlı məlumatların yayılmasından sonra, üç gün müttətinə Tehranın hərbi bazalarından birində dindirilib və həmin müddət ərzində onun hər hansı bir şəxslə, o cümlədən də ailə üzvləri ilə əlaqə saxlanılmasının qarşısı alınıb.

 

Qeyd edək ki, axund Sadıq Amoli Laricani, İran parlamentinin sədri Əli Laricaninin qardaşıdır.

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN