“FATF”, İranın qarşısına qoyduğu tələbləri yerinə yetirməsi üçün daha 4 ay vaxt verib

“FATF”, İranın qarşısına qoyduğu tələbləri yerinə yetirməsi üçün daha 4 ay vaxt verib

GünazTV: Dünyada qanunsuz yollarla əldə edilmiş çirkli pulların yuyulmasına, maliyyə fırıldaqçılığına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə aparan “Maliyyə Tədbirləri üzrə İşçi Qrupu” (FATF), İrana maliyyə qanunlarında islahatlar aparmaq üçün verdiyi vaxtın müddətini daha 4 ay uzadıb.

 

“Maliyyə Tədbirləri üzrə İşçi Qrupu” (FATF) fevralın 22-də Parisdə keçirdiyi iclasda bildirib ki, bu qrup İrana qarşı cəza tədbirlərinin görülməsini müvəqqəti dayandıraraq, rəsmi Tehrana çirkli pulların yuyulmasına və terrorizmin maliyyə baxımdan təmin edilməsinə qarşı mübarizə aparılması ilə bağlı qanunlar qəbul etmək üçün iyun ayına qədər vaxt verir.

 

Bildirilir ki, İran “FATF”ın qara siyahısından çıxmaq üçün çirkli pulların yuyulmasına və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə aparılması ilə bağlı qanunlarında islahatlar aparmalı, qarşısına qoyulan bütün tələbləri yerinə yetirməlidir.

 

Xatırladaq ki, “FATF” bu günə qədər İrana sözü gedən sahələrdə öz qanunlarına düzəlişlər etməsi üçün indiyə qədər verdiyi vaxtın müddətini bir neçə dəfə uzadıb. Bundan əvvəl “FATF” İrana maliyyə qanunlarında islahatlar aparması və şəffaflığı təmin etməsi üçün bu ilin fevral ayına qədər vaxt vermişdi.

 

A.M 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN