“Fatimiyyun” briqadasının rəsmisi: “Zeynəb” hərəmini qorumaq uğrunda 2000 əfqan döyüşçüsü şəhid olub, 8000-i yaralanıb”

“Fatimiyyun” briqadasının rəsmisi: “Zeynəb” hərəmini qorumaq uğrunda 2000 əfqan döyüşçüsü şəhid olub, 8000-i yaralanıb”

GünAzTV: “Sepah”ın Əfqanıstan vətəndaşlarından ibarət “Fatimiyyun” briqadasının mədəni işlər üzrə məsulu, milliyyətcə əfqanlı olan axund Zəhir Mücahid, yanvarın 7-də jurnalistlərə açıqlamasında Bəşər Əsəd rejiminin qorunması uğrunda həlak olan muzdlu əfqan döyüşçülərindən danışıb.

 

Bəşər Əsəd rejiminə dəstək məqsədilə Suriyaya göndərilmiş muzdlu əfqanları “Zeynəb hərəminin müdafiəçiləri” adlandıran Zəhir Mücahid deyib ki, “Fatimiyyun” briqadasının döyüşçüləri Suriyada “islam uğrunda” çoxlu fədakarlıq etsələr də, İranda kifayət qədər onlara qiymət verilməyib: “Bu günə qədər Zeynəb” hərəmini qorumaq üçün Suriyaya göndərilmiş  ən azı 2000 əfqan döyüşçüsü  şəhid olub, 8000-i yaralanıb”.

 

Zəhir Mücahid, öz açıqlamasında həmçinin İranda Əfqanıstan vətəndaşlarına qarşı ayrı-seçkilikdən və hətta Suriyada həlak olan əfqanlı və iranlı “şəhid”lər arasında fərq qoyulmasından gileylənib.

 

Axundun bu açıqlamasının ardınca, Əfqanıstan Xarici İşlər Nazirliyi sözçüsünün müavini Sibqətullah Əhmədi, jurnalistlərə açıqlamasında “Sepah”ın nəzdində fəaliyyət göstərən “Fatimiyyun” briqadasının ləğv edilməsini tələb edib: “İran hökuməti, çarəsizlikdən bu ölkədə mühacir həyatı yaşayan Əfqanıstan vətəndaşlarından sui-istifadə edir. Bizim hökumət, İran hökumətinə bu barədə etirazını bildirərək, məsələni BMT Ali Komissarlığı ilə bir araya qoyub. Hesab edirik ki, İran hökuməti bu ölkədə yaşayan Əfqanıstan vətəndaşlarına qarşı bu rəftarına son qoymalıdır”.

 

 

Qeyd edək ki, İran, Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN