FİFA-nın rəhbəri: “İran prezidenti qadınların stadionlara buraxılmasına şərait yaradacağı barədə mənə söz verib”

FİFA-nın rəhbəri: “İran prezidenti qadınların stadionlara buraxılmasına şərait yaradacağı barədə mənə söz verib”

GünAzTV: Beynəlxaq Futbol Federasiyasının (FİFA) rəhbəri Canni İnfantino, martın 2-də jurnalistlərə açıqlamasında İrana səfərindən, prezident Həsən Ruhani ilə görüşündən və iranlı qadınların stadionlara girişinə qoyulan qadağadan danışıb.

 

İsveçrənin Sürix şəhərində Tehrana rəsmi səfərinin nəticələrini jurnalistlərə açıqlayan İnfantino, səfər əsnasında İran prezidenti Həsən Ruhani ilə görüşdüyünü və ondan iranlı qadınların stadionlara girişinə qoyulan qadağanın aradan qaldırılmasını tələb etdiyini açıqlayıb. O deyib ki, Həsən Ruhani bu qadağanın tezliklə aradan qaldırılacağını vəd edib: “İran prezidenti qadınların stadionlara buraxılmasına şərait yaradacağı barədə mənə söz verdi. Lakin o həm də bildirdi ki, bu problemin aradan qaldırılması bir az vaxt tələb edir. FİFA-nın İran hökumətinin qadınların stadionlara girişinə qoyduğu qadağa qarşısında iki yolu var. Bunu pisləmək, ya da bu kimi qadağaların aradan qaldırılması üçün İran rəhbərləri ilə danışıqlar aparmaq və problemin həlli üçün yollar axtarıb tapmaq.

 

Biz isə bu iki variantdan ikincisini, yəni məsələnin həlli üçün İran hökuməti ilə müzakirələr aparmaq yolunu seçmişik. Martın 1-də Tehranın Azadlıq stadionunda “Perspolis” və “İstiqlal” komandaları arasında keçirilən matçı yaxından izləmək üçün stadiona girməyə cəhd göstərən bir neçə qadının həbs olunmasından da mənim xəbərim var. Bu isə təəssüfləndiricidir. Ümid edirəm ki, Ruhani bu barədə mənə verdiyi vədə əməl edəcək və biz bir daha bu kimi halların şahidi olmayacağıq”.

 

Qeyd edək ki, İran İslam Respublikasında qadınların stadionlara girişi qadağandır. Gizli və ya qanunsuz şəkildə stadionlara daxil olmağa çalışan qadınlar polis zorakılığına məruz qalaraq həbs edilir, təzyiq, təhdid və təqiblə üz-üzə qalırlar.

 

 A.M

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN