Fransa: “Rəsmi Tehran nüvə razılaşmasını pozsa, Avropa İrana qarşı sanksiyaları yenidən bərpa etməlidir”

Fransa: “Rəsmi Tehran nüvə razılaşmasını pozsa, Avropa İrana qarşı sanksiyaları yenidən bərpa etməlidir”

GünazTV: Fransanın rəsmiləri mayın 7-də bəyanatlar səsləndirərək, nüvə sazişinin şərtlərinin pozulması ilə bağlı İrana xəbərdarlıq ediblər.

 

Rəsmi Parisin Tehrana xəbərdarlığı, İranın Ali Milli Təhlükəsizlik Şurasının nüvə razılaşması “Bərcam” ilə bağlı üzərinə götürdüyü bəzi öhdəliklərin icrasını dayandırdığını bildirməsindən bir gün əvvələ təsadüf edib.

 

Fransa hökumətinin adının açıqlanmasını istəməyən bir rəsmisi mayın 7-də jurnalistlərə açıqlamasında deyib ki, əgər İran hökuməti Qərblə imzaladığı nüvə sazişinin şərtlərini pozsa, Avropa İrana qarşı sanksiyaları yenidən bərpa etməlidir: “Ümid edirik ki, İran sabah nüvə sazişinin hansısa şərtlərinin pozulması barədə bəyanat verməyəcək. Biz bunu istəmirik. Lakin İran belə bir addım atacağı təqdirdə, avropalılar razılaşmanın mətninə uyğun olaraq, İrana qarşı əvvəlki sanksiyaları yenidən bərpa etmək məcburiyyətində qalacaqlar” -deyə Fransa hökumətinin rəsmisi əlavə edib.

 

 

Qeyd edək ki, İranın Ali Milli Təhlükəsizlik Şurası mayın 8-də bəyanat yayaraq, İranın nüvə razılaşması “Bərcam” ilə bağlı üzərinə götürdüyü bəzi öhdəliklərin icrasını dayandırdığını elan edib: “İranın Ali Milli Təhlükəsizlik Şurası, İran xalqının milli təhlükəsizlik və mənafeyini qorumaq məqsədi ilə, eləcə də İran İslam Respublikasının nüvə sazişinin “Bərcam” 26-cı və 36-cı bəndlərində qeyd olunmuş hüququnu nəzərə alaraq, bu gündən etibarən, nüvə razılaşması ilə bağlı üzərinə götürdüyü bəzi öhdəliklərin icrasının dayandırılmasına göstəriş verib” -deyə bəyanatda qeyd edilir.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN