Fransanın “Renault” şirkəti İranla əməkdaşlığını dayandırır

Fransanın “Renault” şirkəti İranla əməkdaşlığını dayandırır

GünAzTV: Fransanın dünya üzrə məşhur avtomobil istehsalçısı olan “Renault” şirkəti İranla əməkdaşlığını dayandıracağını bildirib.

 

“Renault” şirkətinin icraçı direktoru Thierry Bollore iyulun 27-də jurnalistlərə açıqlamasında bildirib ki, bu şirkət Amerikanın mümkün sanksiyalarından ehtiyatlanaraq İranla əməkdaşlığını dayandıracaq: “Amerikanın İrana qarşı sanksiyaların tətbiqinə başlamasını nəzərə alaraq çox ehtimal ki, biz İrandakı fəaliyyətlərimizi dayandıracağıq. Biz, dünyanın müxtəlif yerlərində, o cümlədən də Afrikada yeni iqtisadi fürsətlər ardıncayıq. Biz, istehsalımızı artırmaqla artıq əldən çıxmış sayılan İran bazarı yerinə yeni bazarlar axtarırıq”.

 

"Renault" şirkətinin icraçı direktoru Thierry Bollore

 

Amerikanın nüvə sazişindən çıxmasını elan etməsindən sonra “Renault” şirkətinin baş direktoru Karlos Qosn, ay yarım (xordadın 25-də) şirkətin səhamdarları ilə keçirilən illik toplantıda çıxış edərək İranla əməkdaşlığı nəyin bahasına olursa davam etdirəcəklərini bildirmişdi: “Biz İranda fəaliyyətimizi dayandırmayacağıq. Hətta əgər onu minimuma endirmək məcburiyyətində qalsaq belə”.

 

"Renault" şirkətinin baş direktoru Karlos Qosn

 

 Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

Amerikanın bu sazişdən çıxmasının ardınca, Vaşinqtonun İrana qarşı sanksiyaları genişləndirilib. Nəticədə, son həftələr dünyanın onlarla beynəlxalq bank və şirkəti İranla əməkdaşlığını dayandırıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN