Fransanın xarici işlər naziri: “İranla Amerika arasında müzakirələr üçün yalnız 1 ay vaxt qalıb”

Fransanın xarici işlər naziri: “İranla Amerika arasında müzakirələr üçün yalnız 1 ay vaxt qalıb”

GünAz TV: Fransanın xarici işlər naziri Jan-İv Le Drian rəsmi Vaşinqtonla İran arasında müzakirələrin başladılması üçün son olaraq 1 ay müddətin qaldığını deyib.

 

O bildirib ki, İran noyabr ayında nüvə öhdəliklərini azaltmaq istiqamətində 4-cü addımı atacaq və bununla da atom enerjisi üzrə fəaliyyətini daha da genişləndirəcək. Bu isə tərəflər arasında müzakirələrin başladılmasına yenidən böyük zərbə vuracaq.

 

Le Driannın sözlərinə görə, Fransa prezidenti Emmanuel Makronun Vaşinqtonla Tehran arasında gərginliklərin azaldılması üçün irəli sürdüyü təşəbbüslər hələ də masa üzərindədir və tərəflər bunu dəyərləndirməlidirlər.

 

Xatırladaq ki, Fransa prezidenti bir müddətdir ki, ABŞ-la İran arasında gərginlikləri azaltmaq üçün vasitəçilik missiyası həyata keçirir. Ötən ayın sonlarında Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda keçirilmiş Baş Assambleyası çərçivəsində Fransa, İngiltərə və Almaniya liderləri Donald Trampla Həsən Ruhaninin görüşünü təşkil etməyə çalışsalar da, onların bu cəhdləri uğursuz olmuşdu.

 

Amerika təkcə nüvə proqramını deyil, eləcə də İranın raket proqramı, regionda yürütdüyü təxribatçı siyasətlər və terrorizmə göstərdiyi dəstəyi də dayandırmasını ehtiva edən yeni razılaşma əldə etmək üçün İranla yenidən danışıqlara başlamağa hazır olduğunu bəyan edir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN