General Danford: “Səudiyyə Ərəbistanına edilən hücumlara cavab variantlarından yalnız biri hərbi seçimdir”

General Danford: “Səudiyyə Ərəbistanına edilən hücumlara cavab variantlarından yalnız biri hərbi seçimdir”

GünazTV: Sentyabrın 17-də Londona səfər edən ABŞ Ordusunun Baş Qərargahlar rəisi general Cozef Danford jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı dron hücumlarından və Vaşinqtonun buna reaksiyasından danışıb.

 

General Danford deyib ki, mövcud bütün nişanələr və dəli-sübutlar onu göstərir ki, Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan “Aramco” təsisatlarına qarşı həyata keçirilən hücumlarda İranın və ya onun dəstəklədiyi təmsilçi qrupların rolu olub: “Hazırda Amerika Bİrləşmiş Ştatlarının hərbi ekspertlərindən bir heyət hücumlarla bağlı mövcud dəlil-sübutları araşdırmaq üçün Səudiyyə Ərəbistanına yola düşüblər.

 

Bizim və müttəfiqlərimizin bu hücumlara necə reaksiya verməyimiz və ya hərbi seçim məsələsinə gəlincə, hesab edirəm ki, Səudiyyə Ərəbistanına edilən hücumlara cavab variantlarından yalnız biri hərbi seçimdir. Digər seçimlər isə, məsələyə iqtisadi, siyasi və diplomatik baxımdan reaksiya verməkdir.

 

Təəssüflər olsun ki, Orta Şərq regionunda bu hücumun haradan gerçəkləşdirildiyinə baxmayaraq, ən böyük təhdid İran və ya onun dəstəklədiyi təmsilçi qruplaşmalar tərəfindən gəlir və hesab edirəm ki, bunun qarşısı alınmalıdır” –deyə ABŞ Ordusunun Baş Qərargahlar rəisi general Cozef Danford vurğulayıb.

 

Xatırladaq ki, sentyabrın 14-ü səhər saatlarında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun iki əsas neft təsisatına qarşı dron (pilotsuz uçan aparatlar) hücumları olub. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssəsi olan Abqaiq və Xuraisdə neft təsisatlarında güclü yanğın baş verib. Neft istehsalının həcmi kəskin dərəcədə aşağı düşüb.

 

 

Hücumdan az sonra İranın Yəməndə dəstəklədiyi Husi qruplaşmasının sözçüsü Yəhya Sareya jurnalistlərə açıqlamasında hücumun məsuliyyətini öz üzərlərinə götürsə də, rəsmi Ər-Riyad və Vaşinqton Husilərin bu iddiasını rədd edərək, hücumların İran ərazisindən həyata keçirildiyini bildiriblər.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN