Heather Nauert: “İran millətinin tələblərini dəstəkləyirik”

Heather Nauert: “İran millətinin tələblərini dəstəkləyirik”

GünAzTV: ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert oktyabrın 15-də jurnalistlərə açıqlamasında İranda keçirilən kütləvi tətillərdən və Vaşinqtonun bununla bağlı mövqeyindən danışıb.

 

Nauert bildirib ki, Amerika hökuməti İranda kütləvi tətillərlə bağlı xəbərləri yaxından izləyir, tətilçilərə, o cümlədən də tətil edən müəllimlərə dəstək verir: “Biz, İran millətinin, o cümlədən də müəllimlərin dinc yollarla öz tələblərini irəli sürməsinə və onların bununla bağlı hüququnu dəstəkləyirik. Bu tətillərin İran rejiminə açıq bir mesajı var. O da budur ki, İranın sərvətlərini xarici ölkələrdə havaya sovurub hədər verməkdən əl çəkin və öz xalqınızın ehtiyaclarını təmin etməyə başlayın”.

 

Xatırladaq ki, oktyabrın 14-də İranın irili-xırdalı 200-dən çox şəhərində ibtidai və orta məktəb müəllimləri ölkədə baş alıb gedən bahalığa, inflyasiyaya, maaşlarının azlığına və həmkarlarına qarşı göstərilən təzyiqlərə son qoyulması tələbi ilə dərs deməkdən imtina edərək kütləvi tətilə başlayıblar.Tətillər, İran Müəllimlərinin Peşə Təşkilatları Koordinasiya Şurasının bir həftə əvvəl etdiyi çağırışına əsasən keçirilib.

 

 

Tətilçi müəllimlər üzərində “Müəllimin yeri zindan deyil”, “Ana dilində təhsil haqqı  tanınmalıdır”, “Təhsildə ədalət müəllimlərin haqqıdır”, “Hamıya pulsuz və keyfiyyətli təhsil” və digər şüarlar yazılmış yazılı vərəqələr qaldıraraq, əqidəsinə görə həbs edilmiş həmkarlarının azadlığa buraxılmasını tələb ediblər. Tətilə qoşulan müəllimlər həmçinin sığorta xidmətlərinin aşağı olmasına, təhsil büdcəsinin, eləcə də aylıq məvaciblərinin az olmasına etiraz bildiriblər.

 

Yayılan məlumatlara əsasən, müəllimlərin kütləvi tətili oktyabrın 15-də İranın onlarla şəhərində davam edib və minlərlə müəllim dərs deməkdən imtina edərək öz tələblərini irəli sürüblər.

 

 

Son xəbərə əsasən, bir həftə əvvəl sosial şəbəkələrdə müəllimlərə çağırış edərək onları kütləvi tətilə çağıran İran Müəllimlərinin Peşə Təşkilatları Koordinasiya Şurasının rəisi Məhəmmədrza Ramazanzadə oktyabrın 14-ü axşam saatlarında İranın Şimali Xorasan əyalətinin Bocnurd şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək naməlum istiqamətə aparılıb.

 

İran Müəllimlərinin Peşə Təşkilatları Koordinasiya Şurasının rəisi Məhəmmədrza Ramazanzadə

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN