Həbsxanada Nazənin Zağəriyə qarşı yeni cinayət işi açılıb

Həbsxanada Nazənin Zağəriyə qarşı yeni cinayət işi açılıb

GünAz TV: İran məhkəmə orqanları İran əsilli Britaniya vətəndaşı Nazənin Zağəri Ratklifə qarşı yeni cinayət işinin başlandığı barədə məlumat yayıblar.

 

İranda qanunsuz olaraq həbs edilən Nazənin Zağərinin azadlığa buraxılması üçün Britaniyanın Baş və Xarici İşlər nazirləri rəsmi Tehrana müraciət etsələr də, müsbətə doğru heç bir nəticə əldə edilməyib. Ötən həftə isə Londonun müsəlman meri Sadiq Xan “məhkum”un azadlığa buraxılması üçün İran rəsmilərinə müraciət ünvanlayıb.

 

Buna baxmayaraq, Tehran Ədliyyə İdarəsinin rəisi Qulamhüseyn İsmayıli bir neçə gün öncə bildirib ki, “Nazənin Zağəriyə qarşı başladılmış yeni cinayət işi hələ ki, bağlanmayıb və onun bu cinayət işi üzrə də məhkum ediləcəyi, ya bəraət alacağı və ya məhkum edilsə, onu hansı cəza gözləcəyi məlum deyil.”

 

Qulamhüseyn İsmayıli bu bəyanatı Nazənin Zağərinin həbsxanada 40 yaşı tamam olması ilə eyni ərafədə səsləndirib. Bu gün Nazənin Zağərinin qızı Qabriyelanın anasını doğum günü münasibəti ilə təbrik etmək üçün Evin həbsxanasına gedəcəyi gözlənilir.

 

Britaniya vətəndaşı olan Nazənin Zağəri 2016-cı ildə ailəsi ilə görüşmək üçün İrana səfər etmişdi. O, ölkədən çıxarkən Tehran hava limanında İran təhlükəsizlik qüvvələri tərəfindən azyaşlı qızı Qabriyela ilə birlikdə saxlanılmışdı. O, “casusluq” ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

 

Evin həbsxanasında saxlanılan Nazənin Zağəri burada psixoloji təzyiqlərə də məruz qalır. “Amnesty İnternational” təşkilatının Britaniya şöbəsinin rəhbəri Keit İran rəsmilərinin Nazənin Zağərə qarşı etdiklərini amansızlıq və vicdansızlıq adlandırıb.

 

Qeyd edək ki, bir çox ölkə vətəndaşlarına qarşı qondarma ittihamlar irəli sürərək, onları həbs etmək İranın siyasi kurslarından biridir.  Rəsmi Tehran bu “məhkumlar”dan Qərbdən pul almaq və ya onları hər hansısa bir sövdələşməyə məcbur etmək üçün girov kimi istifadə edir. Bu günə qədər onlarla müxtəlif ölkələrdən olan sivil insanlar İran rejimi tərəfindən bu cür qondarma ittihamlarla həbs edilib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN