Hələb şəhəri Əsəd rejiminin nəzarətinə keçdi

Hələb şəhəri Əsəd rejiminin nəzarətinə keçdi

GünAz TV: Suriya rejiminin ordusu Hələb şəhərini ələ keçirib.

Əsəd rejimi 15 noyabrda başlayan və şəhərin strateji bölgəsi sayılan müxaliflərin nəzarətində olan Şeyx Səid məhəlləsinin də olduğu 7 məhəlləni müxaliflərdən aldığını bildirib. Bu barədə APA TV məlumat yayıb.

 

Dünən axşam saatlarında rejimin dövlət televiziyası "Hələbin bütünlüklə qurtarıldığını" elan edib.

 

Şəhərdəki bir çox müxalif döyüşçü sosial mediadan rejim ordusunun irəlilədiyini bildirərək "vida" mesajları paylaşıb.

 

Suriya İnsan Hüquqları Monitorinq Mərkəzinin rəhbəri Rami Abdülrahman son 24 saatda təxminən 10 min nəfərin müxaliflərin nəzarətində olan bölgədən qaçdığını qeyd edib.

 

Hələbdə müxaliflərin məğlub olması Qərb ilə Əsədi əsas dəstəkləyən Rusiyanı üz-üzə qoyub. Fransa, Rusiyanı Suriyada oynadığı rola görə günahlandırıb.

 

Qeyd edək ki, Hələbin Əsəd ordusunun nəzarətinə keçməsi müxaliflərin Suriyada 2011-ci ildə başlayan ölkədaxili müharibədəki ən böyük məğlubiyyəti oldu. Şəhər 2012-ci ildən bu yana bölünmüş vəziyyətdə idi. Rusiya və İranın dəstəyini alan Əsəd ordusu şəhərin 300 min mülki şəxsin yaşadığı müxaliflərin nəzarətində olan hissəsini iyulda mühasirəyə almışdı. 15 noyabrda isə şəhərin bütünlüklə ələ keçirilməsi üçün əməliyyatlar başlanıb. Əməliyyatın başlanğıcından bu yana 900 mülki şəxs həyatını itirib.

 

Hələbin Əsəd ordusu tərəfindən geri alınması paytaxt Dəməşqdə və Suriya hökumətinin nəzarətində olan digər bölgələrdə atəşfəşanlıqla qeyd edilib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN