Həsən Qəşqavi: “Səudiyyə Ərəbistanında, Sudanda və Kanadada yaşayan iranlılar seçkilərdə iştirak edə bilməyəcək”

Həsən Qəşqavi: “Səudiyyə Ərəbistanında, Sudanda və Kanadada yaşayan iranlılar seçkilərdə iştirak edə  bilməyəcək”

GünAzTV: İran xarici işlər nazirinin müavini Həsən Qəşqavi mayın 11-də jurnalistlərə açıqlamasında qarşıdan gələn prezident seçkilərindən və xarici ölkələrdə yaşayan iranlıların seçkilərdə iştirakından danışıb.

 

Qəşqavi bildirib ki, xaricdə yaşayan İran vətəndaşları 3 ölkədə seçkilərə qatıla bilməyəcək: “Biz, xarici ölkələrdə yaşayan həmvətənlərimizin qarşıdan gələn prezident seçkilərində iştirakını təmin etmək üçün bir ay əvvəldən tədbir görmüşük. Bunun üçün, dünyanın 103 ölkəsindəki 133 nümayəndəliyimizdə, 286 səsvermə məntəqəsi nəzərdə tutulub. Həmvətənlərimiz isə həmin məntəqələrə gedib öz səslərini sandığa sala bilərlər. Lakin bizim, Səudiyyə Ərəbistanı, Sudan və Kanada ilə diplomatik əlaqələrimiz olmadığına görə bu üç ölkədə yaşayan iranlılar seçkilərdə iştirak edə bilməyəcək.

 

Bizim Səudiyyə Ərəbistanında və Sudanda yaşayan həmvətənlərimizin sayı çox deyil. Lakin Kanadada 400 minə yaxın iranlı yaşamasına baxmayaraq, təəssüflər olsun ki, onların seçkilərdə iştirakını təmin etmək üçün göstərdiyimiz səylər nəticəsiz qaldı və biz bunun üçün heç bir yol tapa bilmədik”.

 

Xatırladaq ki, İranın xarici işlər naziri Məhəmmədcavad Zərif, mayın 10-da jurnalistlərə açıqlamasında Kanadada yaşayan İran vətəndaşlarının seçkilərdə iştirakı qarşısında mövcud maneələrdən danışmışdı: “Təəssüflər olsun ki, Kanada qanunlarına görə xarici vətəndaşların səs verməsi yalnız diplomatik məkanlarda olmalıdır. Lakin bizim bu ölkə ilə diplomatik əlaqələrimiz olmadığına görə, vətəndaşlarımızın seçkilərə qatılıb səs verməsinə də imkan yoxdur.

 

Kanadada yaşayan vətəndaşlarımıza tövsiyə edirik ki, seçkilər günü səs vermək üçün Amerikya getsinlər. Çünki, Amerikanın müxtəlif yerlərində bunun üçün səsvermə məntəqələri nəzərdə tutulub. Vətəndaşlarımız isə Amerikanın Kanadaya ən yaxın şəhərlərindən birinə gedərək öz səslərini sandığa sala bilərlər”.

 

İranda növbəti prezident seçkiləri bu il, mayın 19-da (1396-cı il, ordibeheştin 29-da) keçiriləcək. Həmin gün, prezident seçkiləri ilə yanaşı kənd və şəhər şuralarına seçkilər də keçiriləcək.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN