Həsən Ruhaninin inqilabın 40-cı il dönümündə Azərbaycan Cumhuriyyətinə qarşı səsləndirdiyi ərazi iddiaları barədə- Video

Həsən Ruhaninin inqilabın 40-cı il dönümündə Azərbaycan Cumhuriyyətinə qarşı səsləndirdiyi ərazi iddiaları barədə- Video

GünAz TV: Son günlərdə istər Azərbaycan mediasında, istərsə də digər xarici KİV-lərdə İran prezidenti Həsən Ruhaninin Azərbaycan da daxil olmaqla, Qafqaz ölkələri, eləcə də Körfəzdə yerləşən ərəb ölkələrinə qarşı ərazi iddiaları etdiyi barədə video yayılıb. GünAz TV Ruhaninin bu iddiaları ilə bağlı fevralın 16-da məlumat versə də, məsələnin aktuallığını nəzərə alaraq, bir daha İran prezidentinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırır.

 

İranın “Press TV” televiziyası tərəfindən canlı olaraq yayımlanan videoda Həsən Ruhani təqribən 5:30 ilə 10-cu dəqiqələr arasında bu iddiaları səsləndirir.

 

Həsən Ruhaninin səsləndirdiyi fikirləri olduğu kimi təqdim edirik: “205 il bundan öncə İranın əsas hissələrindən olan şimalda və Qafqazda yerləşən əraziləri xain Qacar şahları dövründə ölkədən ayrılıb. 191 il əvvəl İranın şimalının daha bir hissəsini ana vətəndən qoparıblar. 172 il əvvəl İranın şimal-qərbindəki torpaqlarının daha böyük bir hissəsi əldən gedib. 163 il əvvəl İranın şərqi ərazilərinin mühüm bir hissəsini, 138 il əvvəl şimal-şərqdəki ərazilərinin böyük bir hissəsini ələ keçiriblər.

 

Xatırladaq ki, Həsən Ruhaninin çıxışı zamanı Qafqazın “İrana aid olduğu”nu iddia etsə də, o dövrlər İran adında ölkə deyil, Qacarlar sülaləsi mövcud olub. İran adı 1935-ci ildə Pəhləvilər tərəfindən hazırda İranın idarə etdiyi bölgələrə verilən və ərazi iddialarını əsaslandırmaq üçün istifadə edilən qondarma coğrafi addır.

 

Həsən Ruhani növbəti dəqiqələrdə isə 1970-ci ildə Bəhreyndə İran əsarətindən qurtulmaq üçün keçirilən referenduma da toxunub və bunu “ölkənin cənubunda vətənin bir hissəsinin itirilməsi” kimi dəyərləndirib.

 

İran prezidenti ərazi iddialarının davamında 1-ci Dünya Müharibəsi zamanı İranda baş verən hadisələrdən də danışıb və Körfəz ölkələrinin “İrandan ayrılması” məsələsini qabardıb.

 

Həsən Ruhani 205 il əvvəl “ölkənin şimal- qərb və şimal- şərq hissələrinin İrandan ayrıldığı”nı deməklə, əslində tarixən Azərbaycan əraziləri olan İrəvan xanlığı və bu günki Azərbaycan Respublikasının ərazilərini nəzərdə tutub.

 

Xatırladaq ki, Qacar- Rusiya müharibələrindən sonra müvafiq olaraq 1813-cü il oktyabrın 12-də Gülüstan və 1828-ci il fevralın 10-da Türkmənçay müqavilələrinin imzalanması ilə tarixi Azərbaycan torpaqları iki hissəyə bölünüb. Türkmənçay müqaviləsinə əsasən, Araz çayından quzeydə yerləşən ərazilər Rusiya İmperiyasının, güneydə yerləşən torpaqlar isə Qacarların tabeliyinə verilib.

 

Arazdan quzeydə yerləşən ərazilər 1918-ci ildə ilk dəfə müstəqillik qazansa da, bu çox uzun çəkməyib, 1920-ci ildə Azərbaycan Sovet İttifaqı tərəfindən işğal olunub. Lakin 1991-ci ildə Azərbaycan yenidən müstəqillik əldə edib. Güney Azərbaycan isə hazırda İran işğalı altındadır.

 

Qeyd etmək lazımdır ki, bu video görüntülər “Press TV” tərəfindən canlı olaraq ingilis dilində yayımlanıb. Video İran prezidentinin rəsmi internet səhifəsində də yerləşdirilib. Çıxış ilə bağlı İran prezidentinin rəsmi saytı və "İSNA" xəbər agentliyi də daxil olmaqla, əksər media qurumlarında yerləşdirilən mətnlərdə Ruhaninin dediyi sözlər olduğu kimi dərc edilib. Bu isə onu göstərir ki, daim özünün Azərbaycanın “dostu” olduğunu iddia edən İran rejimi daim Azərbaycana qarşı öz mənfur siyasətlərindən əl çəkmir. 

 

Quzey Azərbaycandan ilk gündən bu günə qədər Ruhaninin bu sözlərinə etirazlar davam edir. Musavat.com saytının məlumatına görə, Ana Vətən Partiyasının sədri, deputat, tarix elmləri doktoru, professor Fəzail Ağamalı Ruhanin fikirlərinə tutarlı arqumentlərlə sərt cavab verib: “İranın prezidenti səviyyəsində tarixin bu dərəcədə saxtalaşdırılması, qədim Azərbaycan torpaqlarının indiki fars rejiminin rəhbəri səviyyəsində İran torpağı kimi təqdim edilməsi çox böyük təəssüf doğurur. Deputatlar səviyyəsində zaman-zaman bu tipli açıqlamalara mövqelər sərgiləmişik. Bu gün Həsən Ruhaninin oturmuş olduğu dövlətin kökləri və təməli məhz Azərbaycan türklərinin yaratmış olduğu dövlət olub. IX əsrdən bu tərəfə Azərbaycanın arealında, tarixi ərazisində Azərbaycan dövləti yaranıb. Həmin dövlətlərə Azərbaycan türkləri rəhbərlik edib. Digər xalqlar da, o cümlədən, farslar da həmin Azərbaycan dövlətinin daxilində etnik bir qrup kimi dövlətlərimizin himayəsində yaşayıblar və bu günə qədər gəlib çatıblar. IX əsrdən bu tərəfə, XX əsrin 20-ci illərinə qədər cənublu-şimallı Azərbaycan torpaqlarına Azərbaycan türkləri rəhbərlik ediblər. Bunu Həsən Ruhani tarixdən bilməmiş deyil. Əgər bilmirsə, o zaman tarixi vərəqləsəydi, tarixi bilərək həqiqəti özündə ifadə etsəydi, bu cür fikirlər söyləyə bilməzdi. 191 il bundan əvvəl Türkmənçay sülh müqaviləsi, ondan əvvəl də Gülüstan müqaviləsi ilə Azərbaycan torpaqları ikiyə bölündü. Cənubi Azərbaycan türkəsilli dövlətin tərkibində qaldı. Orada indiki farslar hakimiyyətdə deyildilər. Azərbaycan türklərinin yaratmış olduğu dövlətin tərkibində yaşayırdılar. Şimali Azərbaycan xanlıqları da bildiyimiz kimi, Rusiyanın əsarətinə düşdülər. Əslində XVIII əsrin ikinci yarısında Nadir Şahın öldürülməsindən, yəni 1747-ci ildən sonra Azərbaycan torpaqlarında xanlıqlar yarandı. Bu xanlıqları birləşdirmək üçün Ağa Məhəmməd Şah Qacar Cənubi Azərbaycan torpaqlarını vahid dövlət ətrafında birləşdirdi. Şimali Azərbaycan torpaqlarını da həmin dövlətə birləşdirmək üçün müharibəni indiki Quzey Azərbaycan ərazisində aparırdı. Həmin vaxt Rusiyanın da böyük maraqları var idi.Digər tərəfdən, Şimali Azərbaycan xanlıqlarından Fətəli xanın da torpaqlarımızı birləşdirmək üçün etdiyi cəhdlər baş tutmadı. Bundan istifadə edərək ruslar zəifləmiş Azərbaycanı öz əllərinə keçirməyə çalışdılar. Bununla da ruslar əslində Azərbaycanın şimalini işğal etdilər. Cənub isə Qacarların hakimiyyəti altında uzun müddət qaldı. Həmin ərazidə, indiki İran ərazisi deyilən yerdə Azərbaycan ən müxtəlif əyalətlərə bölünüb. Orada Azərbaycan dili sıxışdırılır, Azərbaycan türklərinin hüququ tapdalanır, Azərbaycan türkcəsində məktəblər yoxdur, kitabların, qəzetlərin dərc olunması xeyli dərəcədə məhduddur. Belə bir vəziyyətdə təəssüf edirəm ki, Həsən Ruhani həqiqəti əks etdirməyən fikirləri bu gün gündəliyə gətirməklə tarixi həqiqətləri inkar edir. Məsələyə bugünkü fars rejiminin düşüncələri səviyyəsində yanaşır. Bu, bizdə çox böyük təəssüf doğurur. Kimin nə deməyindən asılı olmayaraq, Azərbaycan torpaqları zaman gələcək vahid dövlət halında bir daha birləşəcək. Azərbaycan dilini zaman-zaman aşağılamağa çalışan, dilimizi güneydə sıxışdıran fars rejimi Azərbaycan dövlətinin gələcəkdə qüdrətini etiraf etmiş olacaq”.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN