Həsən Ruhaninin Tehran Universitetində çıxışı zamanı tələbələr etiraz aksiyası keçiriblər- FOTO

Həsən Ruhaninin Tehran Universitetində çıxışı zamanı tələbələr etiraz aksiyası keçiriblər- FOTO

GünAz TV: Bu gün İran prezidenti Həsən Ruhani Tehran Universitetində çıxış edən zaman tələbə həmkarlar ittifaqının bir qrup üzvü universitet binası qarşısında etiraz aksiyası keçirib.

 

Onlar bir qrup tələbənin ümumilikdə 100 il həbsə məhkum edilməsi, universitetlərin mərhələli olaraq pullu təhsilə keçməsi və ayrı-seçkiliyə yol açan qanunlar əleyhinə şüarlar səsləndiriblər.

 

 

Bu günkü etirazlarla birlikdə sözügedən təhsil müəssisəsindən qovulmuş Mərkəzi Tələbələr Şurasının sabiq sədri Saha Murtuzayinin Tehran Universitetinin mərkəzi kitabxanası önündə oturaq aksiyası da davam edib.

 

Həsən Ruhani seçkiqabağı təbliğat-təşviqat kompaniyasında tələbələrin universitet təhsilindən məhrum edilməsi və ali təhsil müəssisələrində kəskin təhlükəsizlik ab-havasının aradan qaldırılması kimi problemləri həll etməyə söz versə də, bu günə qədər bunu həyata keçirməyib.

 

Müxtəlif tələbə təşkilatları ötən illər ərzində universitetlərdə hələ də təhlükəsizlik ab-havasının hökm sürdüyünü və ayrı-seçkiliyə yol açan qanunlar səbəbindən bəzi tələbələrin təhsildən məhrum edildiyini bəyan edirlər.

 

 

Digər tərəfdən, bu gün Həsən Ruhaninin çıxışı başlayan zaman “Universitet Bəsici” təşkilatının üzvləri də salonu tərk ediblər. Onlar bu etirazın səbəbini Ruhanidən öncə tələbələrin adından çıxış edənlərin tələbələrin nümayəndələri olmadığı, Təhsil Nazirliyi tərəfindən seçildiyi ilə əlaqələndiriblər.

 

Prezident çıxışı zamanı tələbələrin həbsi və təhsildən məhrum edilməsi barədə heç bir söz deməyib. O, ötən 40 il ərzində İslam Cumhuriyyətinin strategiyasının dünya ilə əlaqə və ya mübarizə üzrə təyin edilməsilə bağlı ölkə rəsmiləri arasında ciddi fikir ayrılığının mövcud olduğunu deyib.

 

Ruhani sanksiyalardan da danışıb və qeyd edib ki, “dünya ilə əlaqə saxlamadan yaşamaq olar, amma inkişaf etmək əsla”.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN