Hüseyn Dehqan: “Aramco-ya hücum məsələsində Səudiyyə Ərəbistanı başa düşdü ki, şirin quyruğu ilə oynamağın ciddi təhlükəsi var”

Hüseyn Dehqan: “Aramco-ya hücum məsələsində Səudiyyə Ərəbistanı başa düşdü ki, şirin quyruğu ilə oynamağın ciddi təhlükəsi var”

GünazTV: İranın dini liderinin hərbi məsələlər üzrə müşaviri Hüseyn Dehqan sentyabrın 19-da Sari şəhərində keçirilən bir tədbirdə çıxış edərək, Səudiyyə Ərəbistanının Aramco neft təsisatlarına qarşı edilmiş dron hücumlarından və Amerika ilə müzakirənin mümkünsüzlüyündən danışıb.

 

Səudiyyə Ərəbistanının neft təsisatlarına edilən hücumların İran tərəfindən gerçəkləşdirildiyini təkzib edən Hüseyn Dehqan deyib ki, bu hücumlar “yəmənlilər” tərəfindən həyata keçirilib: “Aramco neft təsisatlarına qarşı hücum məsələsində Səudiyyə Ərəbistanı artıq başa düşdü ki, şirin quyruğu ilə oynamağın ciddi təhlükəsi var. Onlar həm də anladılar ki, bunun amerikalılar üçün də təhlükəsi var. Bu hücumdan sonra səudiyyəlilər çaşbaş qalaraq başlarını itiriblər və məhz biabır olmamaq üçün hücumu İranın boynuna atmaq istəyirlər. Halbuki hücumda istifadə edilən raketlər yəmənlilərə məxsusdur.

 

Əgər İrana qarşı hər hansı bir hərbi addım atılsa, biz belə bir addıma kəskin cavab verəcəyik və belə olan halda Səudiyyə Ərəbistanının regionda artıq yeri və gələcəyi olmayacaq. Biz açıq şəkildə elan etmişik ki, yəmənlilərə dəstək verir və bu dəstəyimizi davam etdirəcəyik. Bu isə bizim gücümüz və nüfuzumuzun ifadəsidir.

Amerikalılarla müzakirə məsələsinə gəlincə, dəfələrlə bildirdiyimiz kimi, bir daha təkrar edirik ki, biz Amerika ilə hər hansı bir müzakirə və danışıqlar aparmayacağıq. Lakin buna baxmayaraq savaş da istəmir, müharibəni müsbət qarşılamırıq” –deyə İranın dini liderinin hərbi məsələlər üzrə müşaviri Hüseyn Dehqan əlavə edib.

 

Xatırladaq ki, sentyabrın 14-ü səhər saatlarında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun iki əsas neft təsisatına qarşı dron (pilotsuz uçan aparatlar) hücumları olub. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssisəsi olan Abqaiq və Xuraisdə neft təsisatlarında güclü yanğın baş verib. Neft istehsalının həcmi kəskin dərəcədə aşağı düşüb.

 

 

Hücumdan az sonra İranın Yəməndə dəstəklədiyi Husi qruplaşmasının sözçüsü Yəhya Sareya jurnalistlərə açıqlamasında hücumun məsuliyyətini öz üzərlərinə götürsə də, rəsmi Ər-Riyad və Vaşinqton Husilərin bu iddiasını rədd edərək, hücumların İran ərazisindən həyata keçirildiyini bildiriblər.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN