Hüseyn Səlami: “Biz, Amerika ilə müharibə etmək niyyətində deyilik”

Hüseyn Səlami: “Biz, Amerika ilə müharibə etmək niyyətində deyilik”

GünazTV: “Sepah” terror təşkilatının baş komandanı Hüseyn Səlami mayın 19-da “Sepah”da edilmiş yeni təyinatlarla bağlı Tehranda keçirilmiş bir tədbirdə çıxış edərək, İranın Amerika ilə savaşmaq istəməsindən danışıb.

 

“Sepah”ın baş komandanının yeni bəyanatı, İranın “dini lideri” Əli Xamneyinin Amerika ilə  müharibə olmayacağını bildirməsindən beş gün sonraya təsadüf edib.

 

Hüseyn Səlami bildirib ki, İran müharibə tərəfdarı olmasa da, gözlənilməz hər hansı bir olayla qarşılaşmağa tam hazırdır: “Biz, Amerika ilə müharibə etmək niyyətində deyilik. Biz savaşdan qorxmuruq. Lakin ona həm də tam hazırıq. Düşmənlərimizin savaşmağa iradəsi yoxdur. Bizim isə onlardan fərqimiz ondadır ki, onlar müharibədən qorxurlar, biz isə qorxmuruq. Aydın məsələdir ki, mahiyyəti belə olan bir düşməni məğlub etmək asan işdir.

 

Bu gün, region amerikalılar üçün potensial bir od-alov və atəş meydanına çevrilib. Necə ki, son günlərin olayları da düşmənin həqiqi gücünün nədən ibarət olduğunu aşkara çıxartdı. Amerika kimi bir düşmən heç vaxt bizim diqqətimizdən yayınmır. Nə qədər ki, belə bir zülmkar düşmən özünü dünya hegemonu kimi göstərməyə çalışır, biz onun qarşısında dayanacağıq. Bu isə çox təbii haldır” –deyə Hüseyn Səlami əlavə edib.

 

Xatırladaq ki, Əli Xamneyi mayın 14-də ölkə rəsmiləri ilə görüşərək, İranla Amerika arasında şiddətlənən çaxnaşmadan və iki ölkə arasında nüvə və raket məsələsi barədə yenidən müzakirə aparılmasının mümkünsüzlüyündən danışıb.

 

İranın “dini lideri” axund Əli Xamneyi

 

O bildirib ki, İran nüvə mövzusu ilə bağlı Amerika ilə hər hansı bir müzakirə aparmayacaq: “Amerika ilə müharibə olmayacaq. Biz Amerika ilə nüvə mövzusunda müzakirə də aparmayacağıq. İran millətinin qəti seçimi, Amerikaya müqavimət göstərməkdir. Hesab edirəm ki, İran xalqının müqaviməti Amerikanı geri çəkilməyə vadar edəcək.

 

Bizim Amerika ilə üz-üzə durmağımız hərbi xarakter daşımır. Nə biz savaşın tərəfdarıyıq, nə də onlar. Amerikalılar yaxşı bilirlər ki, müharibə onların xeyrinə deyil. Biz, Amerika ilə nüvə və raket məsələsində müzakirə aparmayacağıq. Bu gün ölkə daxilində bəziləri soruşurlar ki, Amerika ilə müzakirə aparmağın nə eybi var ki. Mən isə deyirəm ki, Amerika ilə hər hansı bir müzakirənin aparılması bizim üçün zəhər deməkdir. Xüsusən də ki, Amerikanın indiki hökuməti ilə müzakirə aparmaq ikiqat zəhərdir” –deyə Xamneyi vurğulayıb.

 

 

Qeyd edək ki, iki həftə əvvəl, İranın region ölkələrinə qarşı təhdidinin artmasından və “Sepah”ın yüksək rütbəli rəsmilərinin Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlar səsləndirməsindən sonra, ABŞ-ın Müdafiə Nazirliyi Amerikanın “USS Abraham Linkoln” təyyarə daşıyan gəmisini, B-52 strateji bombardımançılarını və “Patriot” zenit-raket kompleksini regiona göndərib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN