İbrahim Əl-Əssaf: “Aramco hücumlarına görə İran məsuliyyət daşıyır”

İbrahim Əl-Əssaf: “Aramco hücumlarına görə İran məsuliyyət daşıyır”

GünAz TV: Səudiyyə Ərəbistanının xarici işlər naziri İbrahim Əl-Əssaf “Aramco”ya qarşı baş tutmuş hücuma görə İranın məsuliyyət daşıdığını deyib.

 

O, Nyu-Yorkda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında etdiyi çıxış zamanı ölkəsinin İranın bu cür təxribatçı hücumlarından qorunmaq üçün müdafiə qüdrətinin olduğunu deyib.

 

Nazir sözügedən hücumu beynəlxalq hüququn kobud şəkildə pozulması, eləcə də sülh və təhlükəsizliyə qarşı təcavüz adlandırıb.

 

“Terror hökuməti olan İran rejimi 40 ildir ki, Səudiyyə Ərəbistanı və digər ölkələrdə terror aktları həyata keçirir. Qasib və terrorçu olan bu rejim öz əməlləri ilə regionda əmin-amanlığı pozmaqla yanaşı, beynəlxalq enerji təhlükəsizliyini də sual altında qoyur”- deyə Əl-Əssaf əlavə edib.

 

Səudiyyə XİN-in rəhbəri həmçinin İranın terror və yaraqlı qruplaşmalara göstərdiyi dəstəyi, eləcə də nüvə razılaşmasından əldə edilən pullarının hamısını bu istiqamətdə xərclədiyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

 

Əl-Əssaf sonda İran rejimini öz rəftarlarını dəyişməyə, beynəlxalq hüquq və prinsiplərə hörmət qoymağa və adi ölkə kimi davranmağa çağırıb. Onun sözlərinə görə, əgər bütün sadalananlar baş verməzsə, İran beynəlxalq ictimaiyyətin qəti addımlarının nəticələrinə qatlaşmalı olacaq.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN