İlham Əliyev: "Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda faşistlər qəhrəman kimi qələmə verilir"

2019-10-12

GünAz TV: Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı dövlət başçılarının faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etdiyini bildirib. O, həmçinin qeyd edib ki, lakin təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir.

 

"Bizim dünənki görüşümüz Türkmənistan ilə Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakteri daşıdığını bir daha təsdiq etdi. Mən Türkmənistana keçənilki rəsmi səfərimi də səmimiyyətlə xatırlayıram. Həmin səfər müddətində mühüm məsələlərə dair geniş fikir mübadiləsi aparıldı, bizim münasibətlərimizə yeni məzmun gətirən rekord sayda, daha dəqiq desək, 21 sənəd imzalandı. Ölkənin inkişafı, Aşqabadın abadlaşdırılması işində Türkmənistan Prezidentinin şəxsi rolunu da qeyd etmək istərdim. Burada tez-tez oluram, aşkar dəyişiklikləri, sürətli inkişafı, müasir infrastrukturu görürəm. Keçən dəfə Olimpiya şəhərciyi ilə tanış oldum. Bütün bunlar göz oxşayır, vətəndaşların idmanla məşğul olmaları və ölkənin inkişafı işinə fəal töhfə vermələri üçün yaxşı imkan yaradır. Genişmiqyaslı tikinti işləri də heyranlıq doğurur. Mən bilirəm ki, Prezident hər bir layihəyə şəxsən nəzarət edir, buna görə də şəhər inkişaf edir, nadir vahid şəhərsalma ansamblı yaradılıb.

 


Bugünkü Zirvə Görüşünün gündəliyindəki məsələlərdən biri Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar dövlət başçılarının Birlik ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə müraciətidir. Ən dağıdıcı, qanlı müharibənin ön və arxa cəbhələrində xalqlarımız gələcək nəsillər üçün nümunə olan qəhrəmanlıq və igidlik göstəriblər. Faşizm üzərində ümumi Qələbəmizə Azərbaycan layiqli töhfə verib. Azərbaycanın 600 mindən çox oğlu və qızı Böyük Vətən müharibəsi cəbhələrində döyüşüb, onların yarısı ümumi Qələbəmiz uğrunda canlarından keçib. Müharibə illərində göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan bütün ölkəni yanacaqla təmin edib. Cəbhə üçün çox zəruri olan neftin 70 faizdən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşürdü. Bunlar olmasaydı, sovet ordusu düşmənə qalib gələ bilməzdi. Hərbi kinoxronikada məşhur kadrlar var: Hitlerə verilən tortun üzərində alman dilində “Xəzər dənizi” sözləri yazılmış bir oyuq, həmin oyuqda “Bakı” adlı qara rəngli maye şokolad var. Hitler şokoladı qaşıqla götürür və tortun üstünə süzür, sonra svastika şəklində şokoladı götürüb “Bakı” sözü yazılan yerə qoyur. Bu kadr faşistlərin Azərbaycanın neft yataqlarını, həmçinin hamımızın bildiyi kimi, Şimali Qafqazın neft yataqlarını tutmaq planlarını vurğulayır. Əgər faşistlər Bakını tutmağa müvəffəq olsaydılar, sovet ordusu Qələbə üçün çox zəruri olan yanacaqsız qalardı, Bakı şəhəri isə havaya sovrulardı. Çünki belə fövqəladə vəziyyətdə sovet hökuməti neft quyularının düşmən əlinə keçməməsi üçün onların hamısını minalamışdı. Yəni, bu halda qurbanların sayı bəlkə yüz minlərlə olardı.

 


Azərbaycan elminin nümayəndələri ümumi qələbəmizə sanballı töhfə veriblər. Məsələn, böyük Azərbaycan alimi Yusif Məmmədəliyev sonradan “Molotov kokteyli” kimi məşhurlaşmış yandırıcı maye ixtira etmişdi. Bu barədə çox adam bilmir, lakin bu, həqiqətdir. Bakının zavodlarında gecə-gündüz istehsal edilən məşhur “Katyuşa” raketləri və digər silahlar düşməni dəhşətə salmışdı. Müharibədə həlak olanların xatirəsini Azərbaycanda ehtiramla yad edir, müharibə veteranlarına böyük qayğı göstərirlər. Oyuncaq, satqın, xalqa zidd, biabırçı Xalq Cəbhəsi rejiminin hakimiyyətdə olduğu 1992-1993-cü illərdə 9 May bayramı ləğv edilmişdi, müharibə veteranları isə alçaldılmağa və təhqirlərə məruz qalırdılar. Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra onun ilk qərarlarından biri 9 May - Qələbə Gününün bərpa edilməsi oldu. O vaxtdan təqvimdə qırmızı rənglə qeyd olunan bu gün qeyri-iş günüdür və milli bayram kimi qeyd edilir.

 

Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”. Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir.

 


Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir: “Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur", - deyə Prezident İlham Əliyev öz çıxışında bildirib.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

İranın Xuzistan əyalətində qadınların boksla məşğul olması qadağan edilib

2020-06-01

gun az article

İranın Şuştər şəhərində 30-a yaxın ərəb fəalı həbs edilib

2020-05-31

gun az article

İranda daha 63 nəfər koronavirusdan ölüb, 2516 nəfər xəstəliyə tutulub

2020-05-31

gun az article

Xuzistanın 20 şəhərində koronavirusla bağlı vəziyyət böhranlıdır

2020-05-31

gun az article

İranın Yəzd şəhərində daha 2 bəhai həbs edilib

2020-05-31

gun az article

Edama məhkum edilən güney azərbaycanlı həkimin son vəziyyəti

2020-05-31

gun az article

GünazTV May.30.2020: 7 milyon 600 min iranlı Qəbiristanlıqlar ətrafında yaşayır

2020-05-30

gun az article

İranda koronavirusa yoluxan və ölənlərin sayı yenidən artıb

2020-05-30

gun az article

İran rejiminin təhlükəsizlik qüvvələri noyabr etirazlarında öldürdükləri Puya Bəxtiyarinin qəbrini təhqir ediblər

2020-05-30

gun az article

İranda bütün məscidlər açılıb, "mall"lara qoyulan qadağalar aradan qaldırılıb

2020-05-30

gun az article

Ağ Evdən Xamneyinin statuslarına reaksiya: "Twitterin terroristlər və diktatorların mesajları ilə problemi yoxdur"

2020-05-29

gun az article

İran işğalçı Ermənistan rejimi ilə ticari əlaqələri daha da genişləndirir

2020-05-29

gun az article

İlam əyalətində koronavirusa yoluxanların sayı 961 nəfərə çatıb

2020-05-29

gun az article

Küveyt Amerikadan 84 ədəd Patriot raketi alır

2020-05-29

gun az article

GünazTV May.29.2020: İçməli su böhranı və müharibədən daha çətin olan vəziyyət

2020-05-29

gun az article

İranın 4-cü tankeri Venesuelaya çatıb

2020-05-29

gun az article

İranda daha 50 nəfər koronavirusdan ölüb, 2819 nəfər isə xəstəliyə yoluxub

2020-05-29

gun az article

İranın Dehdəşt şəhərində zəlzələ baş verib

2020-05-29

gun az article

İran parlamentinin keçmiş spikeri Əli Laricani iki yeni posta təyin edilib

2020-05-29

gun az article

İranla Hindistan arasında ticari dövriyyə əhəmiyyətli dərəcədə azalıb

2020-05-29