İngiltərə: “İran yaxınlığında bütün gəmilərimizi hərbi müşayiət gəmiləri ilə təchiz etməyəcəyik”

İngiltərə: “İran yaxınlığında bütün gəmilərimizi hərbi müşayiət gəmiləri ilə təchiz etməyəcəyik”

GünAz TV: İngiltərənin adının açıqlanmadığı yüksək rütbəli hərbçilərindən biri ölkəsinin İran yaxınlığından keçən bütün gəmiləri hərbi müşayiət gəmiləri ilə təchiz etməyəcəyini deyib.

 

Ötən gün İngiltərə bəyanat yayaraq, iyulun 10-da “Sepah” terror təşkilatına məxsus 3 sürətli qayığın bu ölkənin neft tankerinə yaxınlaşmağa cəhd etdiyini bildirmişdi. Bəyanatda qeyd edilirdi ki, İngiltərənin hərbi gəmisinin müdaxiləsindən sonra İranın qayıqları geri çəkilməyə məcbur qalıblar. Lakin “Sepah” bu xəbəri təkzib etmiş, ötən 24 saat ərzində belə halın yaşanmadığını bəyan etmişdi.

 

İngiltərəli hərbçi həmçinin ölkəsinin “İranla yaşanan gərginliyin şiddətlənməsini istəmədiyinə görə, İran yaxınlığından keçən bütün gəmilərini hərbi müşayiət gəmiləri xidməti ilə təchiz etməyəcəyini” deyib.

 

“London körfəzdə dənizçilik sahəsində öz mənafeyini əzmlə müdafiə edir, lakin İranla arasında yaşanan gərginliyi şiddətləndirmək istəmir”- deyə o əlavə edib.

 

Hər gün təxminən Britaniyanın 15-dən 30-a qədər gəmisi körfəzdən, onlardan da təqribən 3-ü Hörmüz boğazından keçir. Həmçinin Britaniyanın körfəzdə “HMS Montrose” adlı döyüş gəmisi və 1 mina axtaran gəmisi də mənzillənib.

 

Qeyd etmək lazımdır ki, son günlər ərzində İranla Britaniya arasında gərginlik hökm sürür. İyulun 4-də Britaniya Hərbi Dəniz Qüvvələri və Cəbəli-Tariq rəsmilərinin Suriyaya neft aparan İrana məxsus tankeri saxlaması bu gərginliyin yaranmasına səbəb olub.

 

İngiltərənin məsələ ilə bağlı açıqlamasında bildirilir ki, tanker Əsəd rejiminə neft daşıyırmış. Tanker Avropa İttifaqının Əsəd rejiminə qarşı qəbul etdiyi sanksiyaları pozduğu üçün saxlanılıb.

 

İran tərəfi isə  Britaniyanı “təhdid” edərək, gəmini azad etməyə çağırıb. Tehran tankerin Bəşər Əsəd rejiminə neft aparmağını inkar edir.

 

Ə.A   


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN